AZ

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

Xəbər verdiyimiz kimi bu gün Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

Bizim.Media-nın yerli bürosu FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib. Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5 kvadratmetr sahə yanıb. Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
 

Partlayış zamanı evdə olan 2 qadın xəsarət alıb. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Xəstəxanadan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qaz sızması nəticəsində baş verən partlayış səbəbi ilə xəsarət alan 2 nəfər (qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi hazırda xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. 












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Seçilən
0
1
bizim.media

10Mənbələr