AZ

Zəngəzur dəhlizində "Tramp fırtınası" başlayır

TRİPP layihəsi Azərbaycan və Türkiyənin ortaq geoiqtisadi maraqlarına cavab verməklə yanaşı, həm də genişmiqyaslı regional mübarizə platformasına çevrilir... Digər tərəfdən isə Cənubi Qafqazda ümumi tranzit həcminin artması Azərbaycan-Türkiyə İttifaqı üçün regionunda tamamilə yeni geopolitik imkanlar da vəd edir...

Cənubi Qafqaz regional geopolitik və geoiqtisadi balansın sürətlə dəyişdiyi bir mərhələdən keçir. Bu baxımdan, Ermənistanın TRIPP layihəsi üzrə ABŞ ilə intensiv danışıqlar aparması yeni regional reallıqların formalaşmaqda olduğunu göstərir. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamasına görə, tərəflər artıq ilkin ideya mübadiləsi mərhələsini geridə qoyaraq, konkret dövlətlərarası razılaşmanın hazırlanması prosesinə başlayıblar. Və bu isə o deməkdir ki, “Tramp marşrutu” layihəsi artıq yalnız siyasi niyyət deyil, real icra perspektivi olan strateji təşəbbüsə çevrilmək üzrədir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan Nazirlər Kabinetinin aparat rəhbəri Arayik Harutyunyanın verdiyi məlumatlar da bu prosesin intensiv şəkildə inkişaf etdiyini təsdiqləyir. Onun sözlərinə görə, həm rəsmi İrəvan, həm də Ağ Ev TRİPP layihəsi üzərində paralel şəkildə işləyir və texniki-iqtisadi detalların dəqiqləşdirilməsi də davam edir. Ona görə də, “Tramp marşrutu” ətrafında yaranmış situasiya Paşinyan hakimiyyətinin son illərdə formalaşdırdığı çoxvektorlu xarici siyasət kursunun artıq yeni mərhələyə daxil olduğunu göstərir.

6ed38016-dabc-4170-b69e-a195518ff78e.jpg

Məsələ ondadır ki, rəsmi İrəvan bir tərəfdən təhlükəsizlik baxımından, olduqca riskli bir mühitdə öz mövqelərini qorumağa çalışır. Digər tərəfdən isə iqtisadi və nəqliyyat baxımından, Ermənistan üçün alternativ variantlar yaratmağa cəhd göstərir. TRIPP layihəsi isə mahiyyət etibarilə, Ermənistanın cənubundan – Zəngəzur bölgəsi üzərindən keçən genişmiqyaslı tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Və bu nəqliyyat-kommunikasiya layihəsinin tərkibinə dəmir yolları, avtomobil magistralları, enerji kəmərləri və rəqəmsal kommunikasiya xətlərinin daxil olması nəzərdə tutulur.

Təbii ki, məhz bu önəmli faktorlar isə “Tramp marşrutu”nu yalnız regional deyil, həm də Avrasiya miqyasında əhəmiyyətli geoiqtisadi platformaya çevirə bilər. Ən mühüm məqamlardan biri də odur ki, rəsmi İrəvan bu marşrutun digər region ölkələrinin geopolitik və geoiqtisadi maraqlarına tam şəkildə uyğunlaşdırılmasına da məcburdur. Və bu həlledici detal Cənubi Qafqazda nəqaliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı davam edən intensiv mübahisələrin inkişaf istiqamətləri baxımından da prinsipial əhəmiyyət daşıyır.

Digər tərəfdən, TRİPP layihəsinin adında ABŞ prezidenti Donald Trumpla bağlı siyasi faktorun da yer alması isə onu sırf geoiqtisadi təşəbbüsdən daha geniş geopolitik kontekstə daşıyır. Çünki, bu, ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli mövcudluq strategiyasının önəmli faktorlarından biri kimi də qiymətləndirilir. Belə ki, Ağ Ev üçün TRIPP layihəsi yalnız yeni nəqliyyat-kommunikasiya marşrutu deyil, bu, həm də regionda artan geopolitik rəqabət şəraitində ABŞ-ın təsir imkanlarını genişləndirmək vasitəsidir.

c7e2c41d-c62c-4157-99ec-83f07e0db41d.jpg

Xüsusilə də, Rusiya və Çin kimi qlobal aktorların Avrasiya məkanında artan aktivliyinə paralel olaraq, ABŞ-ın belə geopolitik təşəbbüslərlə reaksiya verməsi tamamilə gözlənilən idi. Ona görə də, Cənubi Qafqaz hazırda paralel şəkildə bir neçə geoiqtisadi layihənin kəsişdiyi məkana çevrilməyə başlayıb. Belə ki, Azərbaycan-Türkiyə İttifaqının təşviq etdiyi və ABŞ-ın dəstəklədiyi “Zəngəzur dəhlizi” (TRİPP) ideyası, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu), eləcə də, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Cənubi Qafqazda nəqliyyat və enerji xəritəsinin yenidən qurulmasına gətirib, çıxarır.

Maraqlıdır ki, məhz TRIPP layihəsi bu rəqabətli mühitdə alternativ marşrut kimi ortaya çıxaraq, Ermənistanın regional izolyasiyadan xilas olmaq cəhdinin əsas alətlərindən birinə çevrilməyə başlayıb. Bununla yanaşı, Zəngəzur dəhlizi layihəsi ciddi geopolitik risklər də daşıyır. Belə ki, rəsmi Tehran Zəngəzur bölgəsini İran üçün “strateji bufer zonası” hesab edir. Ona görə də, indi ABŞ-ın iştirakı ilə bu ərazi üzərindən Zəngəzur dəhlizinin açılma prosesinə İran ciddi şəkildə müqavimət göstərməyə çalışır.

Digər tərəfdən, Kreml də Cənubi Qafqazda Rusiyanın ənənəvi təsir imkanlarının zəifləməsinə paralel olaraq, belə regional layihələrə xüsusi narahatlıqla yanaşdığını qətiyyən gizlətmir. Çünki Zəngəzur dəhlizi kimi layihələr Kremli Rusiyanın regionda itirilmiş mövqelərini kompensasiya etmək üçün yeni təsir mexanizmləri axtarmaq məcburiyyətində buraxa bilər. Və bu baxımdan, TRİPP layihəsinin reallaşdırılması ilə bağlı proses intensivləşdikcə, Cənubi Qafqaz uğrunda mübarizənin də kəskinləşə biləcəyi qətiyyən istisna deyil.

b062f610-fefd-4a75-83b4-c636aa98fc5a.jpg

Eyni zamanda, Azərbaycan-Türkiyə İttifaqı üçün isə TRIPP layihəsi həm rəqabət, həm də potensial əməkdaşlıq elementi kimi böyük əhəmiyyət daşıyır. Çünki bir tərəfdən, bu layihə Azərbaycan və Türkiyənin geoiqtisadi maraqlarına cavab verməklə yanaşı, həm də genişmiqyaslı regional mübarizə platforması açır. Digər tərəfdən isə Cənubi Qafqazda ümumi tranzit həcminin artması Azərbaycan-Türkiyə İttifaqı üçün regionunda tamamilə yeni geoiqtisadi imkanlar vəd edir. Və bu baxımdan, gələcəkdə digər regional layihələr arasında rəqabətlə yanaşı, müəyyən səviyyədə inteqrasiya ehtimalı da qətiyyən istisna edilmir.

Göründüyü kimi, TRIPP layihəsi ətrafında davam edən danışıqlar prosesi Cənubi Qafqazın yalnız regional deyil, həm də qlobal güclərin rəqabət meydanına çevrildiyini bir daha göstərir. Ermənistanın bu prosesdə israrlı mövqe tutmağa çalışması isə rəsmi İrəvanın yürütdüyü xarici siyasət kursunda yeni prioritetlərin formalaşmaqda olduğunu nümayiş etdirir. Ona görə də, əgər, TRİPP layihəsinin reallaşacağı təqdirdə, regionun nəqliyyat-kommunikasiya, enerji və geopolitik arxitekturasında ciddi dəyişikliklərin baş verə biləcəyi qətiyyən istisna deyil.

Bu baxımdan, Cənubi Qafqaz Avrasiya məkanında daha önəmli strateji “düyün nöqtəsi”nə də çevirə bilər. Çünki son baş verənlər onu göstərir ki, ABŞ-ın TRİPP layihəsinin reallaşdırılmasında israrlı mövqe tutması, rəqib geopolitik güclər üçün Zəngəzur dəhlizində tədricən "Tramp fırtınası" yaratmağa başlayıb. Və bu, o deməkdir ki, yaxın gələcəkdə Avrasiyanın taleyi də məhz Cənubi Qafqazda həll oluna bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
1
4
ekologiya.az

5Mənbələr