AZ

"TikTok"da söyüş söyən şəxsə əzab verməkdə təqsirləndirilənlərə HÖKM OXUNDU

Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilənlərə son söz verilib. Aydın Qurbanov ona qarşı irəli sürülən narkotiklə bağlı ittihamla razılaşmadığını deyərək məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib.

Müşavirədən sonra hökm elan edilərək Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənlərdən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan Elnur adlı şəxslə birlikdə 2024-cü ilin may ayının əvvəlində Elşən İbrahimovu görüşə çağırıblar. Onlar Elşənlə Elnur arasında "TikTok" sosial şəbəkəsində aralarında yaranmış mübahisəni həll etmək istədiklərini bildiriblər. Bunun üçün Aydın, Turan və Elnur E.İbrahimovun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəliblər və sonuncunu yaxınlıqda yerləşən çay evlərindən birinə dəvət ediblər.

Bundan sonra Elşən İbrahimov onlara məxsus avtomobilə minib. Bu zaman arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq Elşən İbrahimovun boynuna keçirib və ona iztirablar verməklə qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar edib.

Bu zaman Elnur "TikTok" sosial şəbəkəsi vasitəsində Elşən İbrahimovun zorakı hərəkətlərə məruz qalmasını nümayiş etdirib.

Bundan başqa, Aydın Əbülfəz oğlu Qurbanov və Turan Oktay oğlu Rufullayev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma va satmaqda da ittiham olunurlar.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev saxlanılıblar.

Onlara qarşı cinayət məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Seçilən
4
1
far.az

2Mənbələr