AZ

“Turan Tovuz”un səfər macəraları başa çatdı

“Tovuz şəhər stadionunun meydançasının hazır vəziyyətə gətirilməsi üçün demək olar ki, fasiləsiz iş aparılıb. Proses oyun saatına qədər davam edəcək”.

Bu sözləri “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev deyib.

Klub rəsmisi Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”la görüşün Tovuz şəhər stadionunda keçiriləcəyini bildirib.

“Bəli, hər şey qaydasında gedir. İnşallah, “Sumqayıt”ı doğma meydanda qəbul edəcəyik. Aprelin 3-də kubokda “Zirə” ilə Sumqayıtda oynayırıq. Daha sonra çempionatda Qubada “İmişli” ilə qarşılaşacağıq. İnşallah, ayın 12-də Tovuzda “Sumqayıt”ı qəbul edəcəyik. Stadionda son baxış keçiriləcək, amma hər hansı problem olacağını düşünmürəm. Çünki meydançaya fasiləsiz qulluq edilib və proses davam edir. Xüsusi avadanlıqlar da gətirilib”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.

Qeyd edək ki, daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq yanvarın 17-dən etibarən “Azərsun Arena”da, martın 10-da isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə icazə vermişdi. Qurum açıqlamasında Azərbaycan Kubokunun yarımfinal mərhələsində aprelin 3-də “Zirə” ilə oyundan sonra stadionun ümumi vəziyyəti yenidən qiymətləndiriləcəyini və 26-cı turdan etibarən ev oyunlarının Tovuzda keçirilib-keçirilməməsi ilə bağlı yekun qərar veriləcəyini açıqlamada qeyd etmişdi.

İdman.Biz
Seçilən
22
1
idman.biz

2Mənbələr