ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Martın 31-i dünyada heteroxromiya günü kimi qeyd olunur. Bu, gözlərin fərqli rəngdə olması ilə xarakterizə olunan bir xüsusiyyətdir. Əksər hallarda sağlamlıq üçün təhlükə yaratmasa da, bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, heteroxromiya göz rəngini müəyyən edən melanin piqmentinin qeyri-bərabər paylanması ilə bağlıdır. Gözün rəngi məhz bu piqmentin miqdarı və yerləşməsi ilə formalaşır. Heteroxromiya zamanı isə bir gözdə piqment daha çox, digərində isə daha az olur və ya eyni göz daxilində qeyri-bərabər paylanır.
Heteroxromiyanın iki əsas növü var: anadangəlmə və sonradan yaranan. Anadangəlmə heteroxromiya hələ ana bətnində formalaşır və adətən sağlamlığa təsir etmir. Bu hal piqment hüceyrələrinin inkişaf xüsusiyyətləri ilə əlaqədardır.
Sonradan yaranan heteroxromiya isə daha nadir hallarda rast gəlinir və diqqətlə yanaşılmalıdır. Bu vəziyyət göz travmaları, iltihabi xəstəliklər, bəzi dərmanların təsiri və ya şiş prosesləri ilə bağlı ola bilər.
Mütəxəssislər heteroxromiyanın üç formasını ayırır: tam heteroxromiya gözlərin tam fərqli rəngdə olması, sektoral heteroxromiya bir gözdə fərqli rəng sahələrinin olması və mərkəzi heteroxromiya bəbək ətrafında fərqli rəng halqasının yaranması.
Qeyd olunur ki, anadangəlmə heteroxromiya əksər hallarda irsi xarakter daşımır və spontan şəkildə yaranır. Lakin bəzi hallarda bu xüsusiyyət genetik sindromların, məsələn, Vaardenburq sindromunun tərkib hissəsi ola bilər.
Ekspertlər vurğulayır ki, heteroxromiya yetkin yaşda yaranarsa, bu, həkimə müraciət üçün ciddi əsasdır. Xüsusilə göz ağrısı, görmənin zəifləməsi və digər simptomlarla müşayiət olunarsa, vaxt itirmədən müayinədən keçmək lazımdır.
Qeyd edək ki, heteroxromiya özü görməyə təsir etmir və rənglərin qavranılmasını dəyişmir. Təhlükə göz rənginin fərqli olmasında deyil, bu vəziyyətin yaranmasına səbəb olan amillərdədir. Göz rəngini dərman vasitəsilə dəyişmək mümkün deyil, cərrahi üsullar isə riskli hesab olunur. Bu səbəbdən estetik məqsədlər üçün əsasən rəngli kontakt linzalardan istifadə edilir.
Mütəxəssislər bildirir ki, əgər gözlərin fərqli rəngi doğuşdan mövcuddursa və əlavə simptomlar yoxdursa, bu, sadəcə fərdi xüsusiyyət kimi qiymətləndirilməlidir.
Nuriyyə NATİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.