AZ

Evini satıb qızıla yatırım edənlərə VACİB XƏBƏR: Qiymət artacaq, yoxsa…?

Son dövrlərdə qızılın qiymətində müşahidə olunan kəskin artım cəmiyyətdə ciddi maraq və eyni zamanda narahatlıq yaradıb. Hətta bəzi vətəndaşlar bu tendensiyanın davam edəcəyini düşünərək evlərini satıb qızıl almağı belə nəzərdən keçiriblər.

Puldan fərqli olaraq qızılın fiziki və məhdud resurs olması onu ənənəvi olaraq daha etibarlı aktiv kimi təqdim edir. Lakin bazar riskləri və qiymət dəyişkənliyi fonunda bu addımın nə dərəcədə doğru olduğu sual yaradır.

Belə bir şəraitdə əsas məsələ qızılın hansı formada və necə investisiya aləti kimi seçilməsidir.

Bu artım uzunmüddətli trenddir, yoxsa müvəqqəti dalğalanmadır? Belə emosional qərarlar investorlar üçün hansı təhlükələr yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, hər ölkənin vətəndaşları üçün investisiya tövsiyələri fərqlidir və xarici ekspertlərin məsləhətləri birbaşa Azərbaycan üçün tətbiq edilə bilməz.

İqtisadçı qeyd edib ki, sosial şəbəkələrin kütləviləşməsi və informasiya sürəti insanların investisiya qərarlarına təsir edir.

“Əksər vətəndaşlarımız xarici mütəxəssisləri və sosial şəbəkə fenomenlərini dinləyərək panikaya düşür,” — deyə Hüseynova əlavə edib.

O, Türkiyə misalını çəkərək deyib ki, yaxın günlərdə bir vətəndaş evini satıb və qızıl alaraq kirayədə yaşamağa başlayıb. O inanır ki, yaxın zamanda qızılın qiyməti artacaq və bir neçə il sonra 4 ev alacaq. Türkiyə iqtisadiyyatı üçün bu, müəyyən şərtlərlə mümkün ola bilər.

Azərbaycan kontekstində isə eyni strategiya sərfəli olmayacaq.

“1 il sonra həmin investisiya nəinki bir ev almağa çatmayacaq, hətta zərərlə nəticələnəcək. Azərbaycanda qızıl əsasən toy və gündəlik məqsədlər üçün alınır və daxili bazarda qiymətlər tələb-təklifə görə dəyişir”, — deyə o, qeyd edib.

Hüseynov həmçinin xarici bazarlarla müqayisədə fərqləri izah edib:

“Digər ölkələrdə qızıl 1, 5, 10, 50 qram şəklində paketlənir və müxtəlif əyarlara malikdir. Valyuta sabitliyinin olmaması və USD ilə qiymətlənməsi qızılı həmin ölkələr üçün optimal yatırım alətinə çevirir”.

İqtisadçının fikrincə, qızılın qiymətindəki qalxıb-enmələr uzunmüddətli trenddən çox geosiyasi risklər və dolların güclənməsi ilə bağlıdır. Azərbaycanda isə qiymət dəyişiklikləri idxalçı ölkə kimi vətəndaşlar üçün daha hiss edilən olur.

“Ümumilikdə qiymət artımı cüzi də olsa görünəndir, lakin investisiya qərarlarını verməzdən əvvəl yerli iqtisadiyyatın şərtləri diqqətlə nəzərə alınmalıdır,” — deyə Hüseynova yekunlaşdırıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
46
1
konkret.az

2Mənbələr