AZ

31 Mart soyqırımı: Şirvan bölgəsində törədilən vəhşiliklər və Göyçay döyüşlərində qazanılan tarixi qələbə  

1918-ci ilin martında Azərbaycan xalqı tarixinin ən qanlı faciələrindən biri ilə üzləşdi. Erməni silahlı dəstələri bolşeviklərin dəstəyi ilə dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdi. On minlərlə insan yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildi. Bu faciənin ən ağır yaşandığı bölgələrdən biri Şamaxı oldu.

Şamaxı şəhəri və ətraf kəndlər xüsusi qəddarlıqla talan olundu, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələr məhv edildi. Qədim Cümə məscidi yandırıldı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, təkcə Şamaxıda 8 mindən çox insan qətlə yetirildi. Onların arasında 4190 kişi, 2560 qadın və 1277 uşaq var idi. Həmin il Şamaxıda ən çox qırğınlar törədilən kəndlərdən biri də Əngəxaran kəndi idi. Belə ki, kənddə olan 186 evdən 184-ü bir gün içində yandırılıb, kənd sakinlərindən 500 nəfəri qətlə yetirilib.

Şamaxının Əngəxaran kənd sakini, tarix müəllimi Cavid İslamov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu soyqırımı Şamaxı qəzasında daha amansız həyata keçirilib. Onun sözlərinə görə, əsas məqsəd milli-demokratik hərəkatı zəiflətmək idi və buna görə də Şamaxı əsas hücum hədəfi seçilmişdi. “Tarixi mənbələrə görə, qətliamın birinci mərhələsi 1918-ci il martın 27-də baş verib. Bakıdan Şamaxıya göndərilmiş üç mindən çox erməni silahlı dəstəsi şəhərə hücum etsə də, yerli əhalinin güclü müqaviməti nəticəsində şəhəri ələ keçirə bilməyib və qərargah kimi istifadə etdikləri Mədrəsə kəndinə çəkiliblər. Lakin iki gün sonra – martın 30-da səhər saat 6-da Şamaxı şəhəri iki tərəfdən hücuma məruz qalıb. Top və pulemyotlardan istifadə edən silahlı dəstələr şəhərə daxil olaraq Piran-Şirvan məhəlləsini tamamilə dağıdıb, əhalini amansız qətliama məruz qoyublar. Erməni silahlı birləşmələrinin törətdiyi qırğınlar zamanı təxminən 2000-ə yaxın qadın, qoca və uşaq Cümə məscidinə sığınıb. Lakin hücum edən dəstələr insanların məsciddə diri-diri yandırılması ilə nəticələnən dəhşətli cinayət törədiblər”, - deyə o əlavə edib.

Cümə məscidinin imamı Mərhəməd Mustafayevin sözlərinə görə, erməni silahlıları necə ki, Ağdam məscidini və işğaldan azad olunmuş məscidlərimizi yerlə-yeksan edib, talayıblar, eləcə də Şamaxıda da belə vəhşilik törədiblər: “Azad olunmuş rayonlarımızda gördüyümüz mənzərələr bizim üçün yeni deyil. Şamaxı 1918-ci ildə o səhnəni yaşayıb. Şamaxı şəhər Cümə məscidindən əlavə, rayonda 12 məscid yerlə-yeksan olunub. İmamzadə məscidinin axundu Axund Cəfərqulu ağanı 4 hissəyə bölüb məscidin girişində asmışdılar. Bu əməllər onların xislətindən irəli gəlir”, – deyə o qeyd edib.

Şamaxı ilə yanaşı, Ağsu rayonu da erməni silahlı dəstələrinin hücumlarına məruz qalıb. Dinc sakinlər qətlə yetirilib, evlər yandırılıb, kəndlər viran qoyulub. Ən dəhşətli hadisələrdən biri Ərəbmehdibəy kəndində baş verib. Ağsu sakini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Şamaxı qəzasının tanınmış şəxsləri, o cümlədən Səlim bəy bir yerdə kütləvi qətlə yetiriliblər. Onun sözlərinə görə, Ərəbmehdibəy kəndində törədilən vəhşiliklər Fövqəladə Təhqiqat Komissiyası tərəfindən sənədləşdirilib və həmin materiallar Paris Sülh Konfransında sübut kimi təqdim olunub. Sənədlərdə insanlara qarşı işgəncələrin verildiyi, diri-diri ata qoşulduqları və müxtəlif işgəncələrə məruz qaldıqları qeyd olunur.

Mənfur düşmənin azərbaycanlı əhaliyə qarşı zaman-zaman terror əməlləri və soyqırımı siyasəti davam edib. Xüsusilə də 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər, Beyləqan və digər ərazilərdə mülki əhalini qəsdən hədəf alan terror hadisələri bunu bir daha təsdiqləyir. “Qeyd edim ki, XX əsrin ən böyük soyqırımı aktlarından biri Xocalıda baş verib. Belə ki, Xocalıda 1918-ci ildə də soyqırımı törədilmişdi. Bu soyqırımı siyasəti XX əsrin sonlarında – 1992-ci ildə yenə də Xocalıda təkrarlandı”, – deyə Fariz Xəlilli əlavə edib.

Erməni silahlıları Göyçay rayonunda da qırğınlar törədib. Bığır, Cəyirli, Potu, Qarabaqqal və Qaraməryəm kəndlərində yerli əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirilib.

Qaraməryəm kənd sakini Teyyub Hüseynlinin sözlərinə görə, kənd əhalisi hücumlar nəticəsində pərakəndə düşərək dağlara çəkilib. Kənd yandırılıb, əhalinin əmlakı məhv edilib. Yalnız türk qoşunları kəndi azad etdikdən sonra sakinlər geri qayıdıblar və dağıntılarla üzləşiblər.

Şirvan bölgəsində törədilən qırğınlardan sonra işğal olunmuş ərazilərin azad edilməsi Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə mümkün oldu. General-mayor Nuru Paşanın komandanlığı altında bölgəyə daxil olan qardaş ölkənin ordusu xalqın ümidini yenidən dirçəltdi. Türkiyə və Azərbaycanın əsgər və zabitləri Göyçayın yerli könüllüləri ilə birlikdə daşnak-bolşevik silahlı birləşmələrinə qarşı mübarizəyə başladılar.

Göyçay sakini Əlirasim Əhmədov bildirib ki, döyüşlər zamanı türk əsgərinin şücaəti, yerli əhalinin onlara qoşulması düşmənin itki verərək geri çəkilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, məhz Göyçay döyüşləri erməni silahlı dəstələrinin məğlubiyyətində dönüş nöqtəsi oldu: “Həmin dövrdə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər naziri olmuş Məmmədsadıq bəy Ağabəyzadə Göyçayın mərkəzində yerləşən evini qərargah kimi təqdim edib. Bu evdə hərbi planlar hazırlanıb, yerli əhalinin müdafiəsi ilə bağlı mühüm qərarlar qəbul edilib”.

Tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı isə qeyd edib ki, Göyçay döyüşləri Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olub. Göyçay ərazisində bir ay iki gün davam edən döyüşlər Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri hesab olunur. Qarabaqqal, Bığır, Qarayazı, Qaraməryəm və İnçə kəndləri istiqamətində gedən döyüşlərdə Türk Qafqaz İslam Ordusunun 200 əsgəri şəhid olub, 156-sı yaralanıb. Bu gün də həmin kəndlərdə naməlum türk əsgərlərinin məzarları 1918-ci ilin tarixi nişanələri kimi qorunur. Onun sözlərinə görə, bu qələbə nəticəsində sentyabrın 15-də Bakı azad edilib, sentyabrın 17-də isə hökumət Bakıya köçərək fəaliyyətə başlayıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət verilməsi üçün imkan yarandı. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin cavabı 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı verildi. Azərbaycan Ordusu işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Bu gün Azərbaycan xalqı 31 Mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır, eyni zamanda, tarixi ədalətin bərpası ilə əldə olunan Zəfərin qürurunu yaşayır.

Seçilən
3
1
azerbaijan-news.az

2Mənbələr