Livanın cənubundakı iki ayrı yerdə üç BMT sülhməramlısı həlak olub.
Herbiand.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, həlak olanlar İndoneziya vətəndaşı olub.
BMT sülhməramlı qüvvələri (UNIFIL) 30 martda Livanın cənubundakı Bani Hayyan kəndi yaxınlığında naməlum bombanın partlaması nəticəsində iki sülhməramlının həlak olduğunu bildirib. Partlayış nəticəsində daha iki nəfərin yaralandığı bildirilir.
Martın 29-da Livanın cənubundakı Adçit əl-Qusayr kəndi yaxınlığında mərmi partlaması nəticəsində bir İndoneziya əsgəri həlak olub, bir sülhməramlı isə ağır yaralanıb.
"Bunlar iki ayrı hadisədir və biz onları iki ayrı hadisə kimi araşdırırıq", - UNIFIL-in sözçüsü Kendis Ardiel bildirib.
İndoneziya hadisələri və "İsrailin Livanın cənubundakı hücumlarını" qınayaraq, sülhməramlılara hər hansı bir zərərin qəbuledilməz olduğunu bildirib. İndoneziyanın xarici işlər naziri sosial media hesabında BMT Təhlükəsizlik Şurasının təcili iclasını və "sürətli, hərtərəfli və şəffaf araşdırma" çağırışı edib.