AZ

31 Mart Bu gün susmamaq günüdür

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Tarix bəzən qələbələrlə yazılır, bəzən də susdurulmuş fəryadlarla. 

Azərbaycan tarixi məhz susdurulmağa çalışılmış fəryadların tarixidir həm də. 

Amma elə hadisələr var ki, nə qədər üstü örtülsə də, torpağın altından belə danışmağı bacarır.

Bəli, bu gün o torpağı altında danışan gün- 31 Mart Soyqırım günüdür.

1918-ci ilin mart günləri.

Təqvimdə sadəcə tarixlər dəyişirdi, amma Bakının küçələrində, Şamaxının məhəllələrində, Qubanın kəndlərində həyat birdəfəlik qırılırdı.

Tarixin hökmü amansız oldu, qana boyandı.

Bəli, minlərlə insan qətlə yetirildi. Ancaq tək bir insan, sadəcə rəqəmlər kimi baxmaq olmaz. Çünki hər rəqəmin arxasında bir ailə, bir həyat, bir yarımçıq qalmış gələcək vardı.

Sual budur: niyə bu yaddaş uzun illər kölgədə qaldı?

Sovet dövrü bu hadisələrin üzərinə qalın bir sükut pərdəsi çəkdi. Tarix selektiv yaddaşa çevrildi. Danışmaq qadağan idi, susmaq isə məcburi. Həqiqət isə heç vaxt yox olmur, sadəcə vaxtını gözləyir. O vaxt gəldikdə isə, artıq bu, təkcə tarixçilərin yox, bütöv bir xalqın yaddaş məsələsinə çevrilir. Necə ki, bizdə çevrildi də.

Heç nə unudulmur, heç nə yaddan çıxmır.

Bu gün 31 mart sadəcə anım günü deyil. Bu gün həm də bir sualdır: biz yaddaşımızı necə qoruyuruq?

Çünki unutmaq yalnız keçmişi itirmək deyil, gələcəyi də riskə atmaqdır. Yaddaşsız cəmiyyət istiqamətsiz cəmiyyətə çevrilir. Əgər biz bu faciəni yalnız rəsmi tədbirlər, protokol çıxışları və şablon ifadələrlə yad ediriksə, deməli, onun ruhunu itiririk.

Yazıçı üçün isə bu hadisə sadəcə tarix deyil, bir vicdan məsələsidir. Yazmaq, xatırlatmaq, soruşmaq və bəzən də narahat etmək. Ədəbiyyatın işi rahatlıq yaratmaq deyil, həqiqəti görünən etməkdir.

Bəlkə də problem ondadır ki, biz yaddaşı çox vaxt mərasimləşdiririk. Halbuki yaddaş canlı olmalıdır. Yəni sual verən, düşündürən, narahat edən. 31 mart yalnız keçmişin faciəsi kimi yox, həm də bu günün məsuliyyəti kimi dərk olunmalıdır.

Çünki tarix yalnız baş verənlər deyil, həm də xatırlananlardır.

Əgər bir xalq öz ağrısını unutmağa başlayırsa, başqaları onu təkrar yazmağa başlayır.

31 mart bizə bir şeyi xatırladır həm də. Xatırladır ki, həqiqət gecikə bilər, amma yox olmaz.

Bu gün susmamaq günüdür.

Firuzə Mahmudova 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
17
icma.az

10Mənbələr