Yarım əsrdən çoxdur ki, Amerika qitəsindəki digər ölkələrin səhiyyə sistemlərinə kömək edən kubalı həkimlər vətənə qayıdırlar.
Hafta.az yazır ki, bu yaxınlarda Yamaykada olan səhiyyə işçiləri cümə axşamı Havanaya gəliblər.
Kuba, Kingston hökumətinin martın 4-də ABŞ-ın təzyiqi səbəbindən müqaviləni birtərəfli şəkildə ləğv etməsindən sonra Yamaykadakı 277 səhiyyə işçisinin başqa yerə təyin olunacağını açıqlayıb.
Kuba Kommunist Partiyasının rəsmi qəzeti olan Granma, son 30 ildə kubalıların 8 milyondan çox xəstəyə tibbi yardım göstərdiyini, 74 mindən çox əməliyyat keçirdiyini və 4700-dən çox səhiyyə işçisinin göndərildiyi Yamaykada ən azı 90min insanın həyatını xilas etdiyini bildirib.
Həmçinin əlavə edilib ki, 2010-cu ildən bəri davam edən səhiyyə proqramı çərçivəsində 25 min yamaykalı görmə qabiliyyətini bərpa edib.
Yamayka regionda bu addımı atan yeganə ölkə deyil. Əvvəlki həftələrdə Honduras, Qvatemala, Paraqvay, Baham adaları və Qayana da Kuba ilə müqavilələrini pozmuşdular.
Venesuela lideri Nikolas Maduronu 3 yanvarda oğurladıqdan sonra Havanaya neft tədarükünü dayandıran Donald Tramp administrasiyası bu ölkələrə onilliklərdir qüvvədə olan ABŞ embarqosunu sərtləşdirmək üçün təzyiq göstərir.
Səhiyyə işçilərini xaricə göndərməklə iqtisadiyyatını bir qədər yumşaltmış Kuba indi də bu gəlirlərdən məhrum olacaq.
Havana hökumətini həkimləri xaricə göndərdiyinə görə "məcburi əmək" və "insan alveri"ndə günahlandıran ABŞ, itaətkar hökumətlərə yardım vəd edir, lakin bunun nə vaxt və necə tətbiq olunacağı bəlli deyil.
Qlazqo Universitetində iqtisadi və sosial tarix dərsi verən Helen Yaffe, "The Conversation" jurnalında dərc etdiyi məqaləsində şəxsən müsahibə aldığı kubalı səhiyyə işçilərinin həyat şəraitinin köləliyə bənzəmədiyini vurğulayır.
Yaffe qeyd edir ki, səhiyyə işçilərini xaricə göndərməsinə baxmayaraq, Kuba adambaşına düşən həkimlərin sayına görə dünyada lider mövqeyini qoruyub saxlayır.
O, ABŞ-da hər min nəfərə 2,6 həkim düşdüyünü, Kubada isə bu rəqəmin 9 olduğunu qeyd edir.
1995-ci ildən bəri Kubada olduğunu deyən alim bildirir ki, "Səhiyyə beynəlmiləlçiliyini pozmaq Kubanı məhv edə, eyni zamanda digər ölkələrdəki milyonlarla insanı ehtiyac duyduqları tibbi yardımdan məhrum edər".
“Forbes”in məlumatına görə, 50-dən çox ölkədə təxminən 24 min kubalı həkim fəaliyyət göstərir.
“Forbes” bildirir ki, səhiyyə işçilərinin daha yaxşı maaş və imkanlar üçün Şimali Amerika və Avropa ölkələrinə miqrasiya etdiyi ölkələr kubalı həkimlərin getməsi səbəbindən çətinliklərlə üzləşəcəklər.