AZ

Tarixin səssiz HARAYI: 31 Mart Soyqırımı – Tənzilə Rüstəmxanlı yazır

Soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunur. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Bu insanlıq əleyhinə törədilmiş cinayəti müəyyən edən bütün bu hallara Azərbaycan xalqının tarixində dəfələrlə rast gəlinir.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımı aktları ilə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçiriblər, diri-diri yandırıblar.

Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrimizdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək on minlərlə günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar.

1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 500 mindən çox insan vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub, milli mədəniyyət abidələrimiz dağıdılıb və ya məhv edilib.

Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ermənilərin törədikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə oldu.

Ulu Öndərin Fərmanı həmçinin, tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Sözügedən Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.

Həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir.

Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə torpaqlarımızın azğın düşməndən azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Hazırda ən böyük amalımız Qərbi Azərbaycana qayıdışdır. Biz əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti sayəsində tarixi torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.

Seçilən
68
1
interpress.az

2Mənbələr