AZ

Aktyorlar özlərini teatra “fəda” etmək istəyirlər, yoxsa yüksək sosial rifah? – MARAQLI CAVAB

Bir neçə aktyora “Teatr fədaisi” mükafatı verilib. “Fədai” sözü bəlkə də bu günün teatr adamlarını ən dəqiq ifadə edən addır. Onlar səhnəyə görə şəraitdən, maddiyyatdan, bəzən isə elementar imkanlardan keçən insanlardır.

Amma sual açıq qalır: niyə fədakarlıq məcburiyyətə çevrilməlidir?

Bu gün hələ də yersiz-yurdsuz qalan, küncdə-bucaqda səhnəyə çıxan teatr kollektivləri var. Məkan problemi, aşağı maaşlar, diqqətsizlik və sair məsələlər onları küsdürür. Bütün bunların fonunda “Fədai” olmaq aktyora yaraşan xüsusiyyətdirmi? Çünki aktyorluq parlamağı sevən bir peşədir.
Bəs, bu gün teatr “yaşayır”, yoxsa sadəcə “yaşadılır”?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Həsənov bildirib ki, teatr həm yaşayır, həm də yaşadılır. Onu yaşadan da min əziyyətlərdən keçən, fədakarlıqlara sinə gərən aktyorlardır.

“Teatr antik dövrdən bu günə qədər saysız-hesabsız çətinliklərdən keçərək yaşamağı bacarıb. Bir zamanlar kilsə tərəfindən qadağan edilib, inkvizisiyanın təzyiqlərinə məruz qalıb. Lakin nə kinonun yaranması, nə kompüter texnologiyalarının inkişafı, nə də internet teatrın varlığına mane ola bilib.

Teatr həyatın mikromodelidir və bu sənəti yaşadan fədakar insanlar onu ürəkdən icra edirlər. Teatr onların həyat tərzidir və aktyorlar başqa sahədə çalışmağı düşünmürlər. Avadanlığı olmayan, küncdə-bucaqda fəaliyyət göstərən teatrlar belə bütün çətinliklərə baxmayaraq yaşamaq uğrunda mübarizə aparır. Teatr bir qədər vəfasız sənətdir. Ona görə də bu sahədə çalışan insanlara xüsusi qayğı göstərmək vacibdir. Bu isə zaman və diqqət tələb edir.

Arzu edirik ki, həm dövlətin, həm də tamaşaçıların teatra diqqəti artsın. Eyni zamanda, həm izləyicilərin, həm də aktyorların sosial rifahı yüksəlsin. Çünki aktyor da cəmiyyətin bir parçasıdı”.

Aktyor, səs rejissoru, dublyajçı Kamal Yaşar mükafat alanları təbrik edib.

O, bildirib ki, məhz teatr üçün bu ifadənin seçilməsi bir mənada manipulyativdir.

“Səhnə adamları həssas olur. Oifadə isə ekstra həssasdır və beləcə yerinə çatır, ünvanına oturur. Amma doğrudurmu, lazımdırmı? Sual budur. “Fədai” ifadəsinin həyati təzahürü bizim lokal coğrafiyada, dövlətçilik tariximizdə mövcuddur, amma tamamilə başqa kontekstdə, yəni, öz həqiqətinə tam uyğun formada… Bu isə məşhur “Difai” hərəkatı idi. Fəda, difa eyniköklü sözlərdir və mənası yüksək ali dəyərlər naminə məhdud ekstrim şəraitdə həlledici davranışdır, fədakarlıqdır, qurbanvermədir. “Difai”nin missiyası “Daşnaksütun”a qarşı dirəniş idi. Çünki o zaman millət və dövlət təhlükədə idi. Bu bizim milli tarixin şərəfli dirəniş səhifəsidir. Ümumiyyətlə, müasir zamanda teatrın buna, yəni, kiminsə özünü ona qurban verməsinə, fəda etməsinə ehtiyacı varmı? Təbii ki, yox… Bəzi adamlar isə həyatda özlərinə bir mövqe tapa bilmədiklərinə görə məcburiyyətdən teatra sığınıblar. Deməli, uzunvədəli vizyona görə bu ifadə məntiqli seçim deyil. Əksinə, teatrı və onun yaradıcı məhsullarını əmtəəyə çevirib satışa çıxarmağı hədəfləyən bir poroqram təsdiqlənib həyata keçirilərsə, bu daha uğurlu, faydalı və gözəl olar. Belə olan halda teatrda çalışanlar da əla qazanarlar və bu cür təsəlliverici adların kölgəsinə ehtiyac olmaz. Teatr da, kino da bu gün məhz bundan əziyyət çəkir; prodüserdən – məhsulu bazara çıxarıb satmağı bacaran və komandaya pulla geri dönməyi bacaran şəxsdən. İndi bütün bunlardan sonra gəlin aktyorlardan soruşaq; sizə hansısa şərti ad lazımdır, yoxsa normal müəssisədaxili mexanizmlə qazanılan stabil yüksək gəlirin bəxş etdiyi sosial rifah? Gerisini isə onların cavabı təyin edəcək”.

Rejissor-aktyor Elnur Paşa isə sərt mövqe bildirərək deyib:

“Aktyor ilk növbədə insandır və insan kimi yaşamalıdır. “Fədailik” anlayışı isə ömrünü, canını və həyatındakı bir çox dəyərləri qurban vermədən mümkün deyil. Bu ifadə, əslində, aktyorun çəkdiyi zillətləri romantikləşdirib ona sırımaqdan başqa bir şey deyil.
Bu yanaşma müəyyən mənada dini-mədəni təsəvvürlərdən qaynaqlanır. Əzab-əziyyət gələcək nəsilləri stimullaşdırmaq üçün gözəl bir şey kimi təqdim olunur və növbəti aktyor nəslinə aşılanır.
Beləliklə, onlara təlqin edilir ki, sənin heç bir hüququn olmayacaq; rejissorlar, direktorlar və digərləri səninlə istədikləri kimi davranacaq, hüquqlarını tapdalayacaqlar. Sən isə “fədailik” anlayışının kölgəsinə sığınıb özünə təsəlli verəcəksən”.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
28
1
konkret.az

2Mənbələr