AZ

İslamabad görüşü: ABŞ ın “işarəsi” olmadan mümkün idimi?

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Hazırda dünyanın diqqəti Pakistanda keçirilən mühüm diplomatik görüşə yönəlib. Bu ölkə ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri səviyyəsində baş tutan görüş Yaxın Şərqdə bir aydır davam edən müharibə fonunda xüsusi əhəmiyyət kəsb edir.

Bakupost.az xəbər verir ki, İslamabadda keçirilən bu görüşün əsas məqsədi regionda gərginliyi azaltmaq, müharibəni dayandırmaq və tərəflər arasında danışıqlara stimul verməkdir. Bu baxımdan görüşdən müəyyən nəticələr gözlənilir.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, bu görüş heç də dörd ölkənin müstəqil təşəbbüsü kimi qiymətləndirilməməlidir:

“ABŞ-dan bununla bağlı işarə gəlməsəydi, sözügedən 4 ölkə çətin ki, belə bir addım atardı. Bu dövlətlərin hər biri Vaşinqtonla yaxın münasibətlərə malikdir. Eyni zamanda, onların İrana təsir imkanları da var. ABŞ-ın razılığı olmadan bu cür təşəbbüs real görünmür.”

Ekspertin fikrincə, İslamabad danışıqları hələlik İranla ABŞ-ı bir masa arxasına gətirəcək səviyyədə deyil:

“ABŞ İranla danışıqlara başlamaq üçün şərtlər irəli sürüb. Tehran isə nəinki bu şərtləri qəbul etmir, hətta Vaşinqtonla danışıqlar barədə düşünmədiyini bildirib.”

Politoloq qeyd edir ki, hazırkı mərhələdə əsas məqsəd tərəflərin mövqelərini yaxınlaşdırmaq və ən azından ilkin mərhələdə atəşkəsə nail olmaqdır:

“Dördlüyün əsas vəzifəsi müharibə aparan tərəflərin mövqelərini yaxınlaşdırmaq, xüsusən də İranı danışıqlara inandırmaqdır. Bunun üçün isə ilk növbədə atəşkəsə nail olmaq lazımdır.”

Əlimusa İbrahimovun sözlərinə görə, prosesin ən mürəkkəb tərəfi İsrail faktorudur:

“ABŞ müəyyən qədər danışıqlara meylli görünsə də, müttəfiqi İsrail buna qarşıdır. Hadisələrin gedişi də göstərir ki, proseslər daha çox İsrailin maraqlarına uyğun inkişaf edir.”

Ekspert hesab edir ki, bu vəziyyətdə əsas məsuliyyət yenə də ABŞ-ın üzərinə düşür:

“Əsas məsələ ABŞ-ın İsraili razı salmasıdır. Vaşinqton ciddi şəkildə İsraili inandırmalıdır ki, danışıqlar başlamasa, ona göstərilən dəstək dayandırıla bilər.”

Politoloq əlavə edib ki, buna baxmayaraq, İslamabadda toplaşan dördlük müəyyən nəticələr əldə etməyə çalışacaq.

Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda keçirilən görüşdə Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iştirak edir. Görüş dünən başlayıb və bu gün də davam edir. Tərəflər İran ətrafında yaranmış gərginliyi azaltmaq üçün çıxış yolları axtarırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
www.bakupost.az

1Mənbələr