Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti irimiqyaslı layihə icra olunur. Şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.
"Yeni Sabah" İTV-yə istinadla xəbər verir ki, kanat yolunun girişi şəhərin bulvar hissəsində yerləşir. Texniki göstəriciləri ilə diqqət çəkən layihənin hündürlüyü 300 metr, xəttinin ümumi uzunluğu isə 1 720 metrdir.
Yeni kanat yolu saatda 800 sərnişinə xidmət göstərmək imkanına malikdir. Layihə çərçivəsində hər biri 10 nəfərlik olmaqla cəmi 17 kabinə nəzərdə tutulub.
Sərnişinlər bulvarla yüksəklik arasındakı məsafəni cəmi 6 dəqiqəyə qət edəcəklər. Əsas məqamlardan biri odur ki, bəzi kabinələr velosiped və əlil arabaları üçün xüsusi olaraq uyğunlaşdırılacaq. Bu da kanat yolunun həm də inklüziv nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsini təmin edəcək.
Telegram kanalımız