AZ

Ən qocaman məşqçi kimi futbol tarixinə düşən Luçeskunun səhhəti yenə pisləşdi!

Mirça Luçeskunun vəziyyəti yenidən pisləşib. Hadisə Slovakiya ilə yoxlama matçına hazırlıq zamanı baş verib.

Luçeskunun başçılığı altında DÇ-2026-nın pley-offunda səfərdə Türkiyəyə minimal hesabla uduzan Rumıniya yığması martın 31-də Bratislavada Slovakiya ilə qarşılaşacaq.

Hadisə martın 28-dəki taktiki məşq zamanı yaşanıb. 80 yaşlı mütəxəssis anidən özünü pis hiss edib. Rumıniya Futbol Federasiyasının rəsmi açıqlamasında qeyd olunub ki, Luçeskuya birinci tibbi yardım yığmanın həkimləri tərəfindən göstərilib. Daha sonra yığmanın düşərgəsinə təcili tibbi yardım maşını çağırılıb. Problemin konkret nədən qaynaqlandığı barədə məlumat verilməsə də, xəstəxanada Luçeskunun durumu qısa müddətdə sabitləşib. Ancaq o, protokolllara uyğun olaraq Buxarest Universitetinin Xəstəxanasında bir müddət də həkimlərin nəzarəti altında qalacaq.

Çox güman, Luçe Slovakiya ilə oyunda komandanın başında yer almayacaq. Xəstəxanadan ölkənin aparıcı jurnalistlərindən olan Ovidiu İonitsoyaya acıqlamalar verən Luçesku bunları deyib:

''İndi özümü tamamilə yaxşı hiss edirəm. Heç bir problemim yoxdu. Ancaq bəzi analizlərdən keçməliyəm. Ona görə də hələ bir müddət xəstəxanada qalmalıyam''.

Türkiyənin ''TRT Spor'' kanalının məlumatına inansaq, tanınmış məşqçi ürək döyüntülərində problem yaşayır.

Qeyd edək ki, bu, son 3-4 ayda Luçeskunun səhhəti ilə bağlı yaşadığı 3-cü problemdi. O hələ 2025-in sonlarında problemlər üzündən Rumıniyanın Antalyada keçirdiyi toplanışda yer almamışdı. Fevralın əvvəllərində isə ağır qripə yoluxduğundan bir müddət Brüssel xəstəxanasında müalicə olunmuşdu. Həmin vaxt onun vəzifəsindən kənarlaşdırılacağı haqda iddialar səsləndirilsə də, federasiya Luçesku ilə yoluna davam etməyi lazım bilmişdi. Luçesku Türkiyə ilə qarşılaşmada 80 yaş 7 aylığında Rumıniyanın başında yer almaqla futbol tarixində yığma səviyyəsində ən yaşlı məşqçiyə çevrilmişdi! Əvvəlki rekord Kuk Adalarının başında 80 yaş 6 aylığında yer alan Alan Teylora məxsus idi.

Türkiyə ilə oyundan sonra Rumıniya mənbələrində yenə Luçesku ilə yolların ayrılacağı və onun yerini George Hacinin tutacağı ilə bağlı şayiələr yayıldı. Amma hələ ki, bu iddialar təsdiqini tapmayıb.
Seçilən
1
9
football-plus.az

10Mənbələr