AZ

Şəmkirdə xəstəxana qadınları fəhlə işlədib – Açıqlama

Tovuz rayon vərəm dispanserinin 50-yə yaxın qadından ibarət texniki işçisi ötən ilin sentyabrından bəri maaş almadıqlarını iddia edirlər.

NOCOMMENT.az Bu barədə dispanserin əməkdaşları məlumat verib.

Onların sözlərinə görə, Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına köçürülüblər və bu müddət ərzində orada fəhlə kimi işlədiliblər. Onlar bildirirlər ki, gördükləri işin müqabilində aylardır nə əmək haqqı, nə də yol pulu alırlar.

Xəstəxana əməkdaşlarının dediyinə görə, Şəmkirdə onlara ağır fiziki işlər gördürülüb, hətta yükdaşıma işlərinə cəlb ediliblər.

“Biz qadınlara ağır əşyalar daşıtdırdılar, hətta mişar daşı belə daşımalı olduq. Köhnə dispanserdən əşyaların daşınmasını da bizə gördürdülər. Hər gün Tovuzdan Şəmkirə gedib-gəlmək üçün 16 manat xərcimiz çıxır. Bizə söz vermişdilər ki, bu pulu ödəyəcəklər. Amma nə yol pulu verilib, nə də əmək haqqımızı ala bilirik. Üstəlik, gecə növbəsində də işləyirik, lakin buna görə əlavə ödəniş almırıq. Hər dəfə deyilir ki, veriləcək, amma nəticə yoxdur. Artıq işə gedib-gəlməyə yol pulu da tapa bilmirik”, – deyə müraciətdə qeyd olunub.

Məsələ ilə bağlı Şəmkir Regional Xəstəxanasının baş həkimi Samirə Kazımova Musavat.com-a bildirib ki, Tovuz vərəm dispanserinin binası yararsız vəziyyətə düşdüyünə görə müəssisənin 43 işçisi xəstəxananın stasionar bölməsinə cəlb olunub:

“Tovuzdakı köhnə vərəm dispanseri fəaliyyətini dayandırdığı üçün həmin işçilərin artıq Tovuz Rayon Mərkəzi Xəstəxanasına tabeliyi qalmayıb və onlar bizim xəstəxananın tabeliyinə verilib. Bu 43 nəfər əvvəllər ambulator şöbədə çalışdıqları üçün bir müddət növbətçilik pulu ala bilmirdilər. Lakin artıq 1 həftə -10 gün olar ki, bununla bağlı əmrlər verilib. Həm növbətçilik, həm də bayram ödənişləri ayrılıb. Hazırda onlar ambulator deyil, stasionar şöbənin işçiləri kimi fəaliyyət göstərirlər”.

Baş həkim texniki işlərlə bağlı iddialara da münasibət bildirib:

“Onlara yalnız daxili təmizlik işləri tapşırılıb. Xəstəxanamız müasir maddi-texniki baza ilə təmin olunub. Burada hansısa daş, kubik daşıtdırılmasından söhbət gedə bilməz. İşçilərin əsas narazılığı Tovuzdan Şəmkirə gəlib-getməklə bağlıdır. Rəhbərlik onları ixtisar etməmək üçün ambulator şöbədən stasionara keçirib. Əks halda, həmin işçilər Tovuzda qalıb hansı işlə məşğul olacaqdılar?”

O, həmçinin əlavə edib ki, səhiyyə sistemində yol pulunun ödənilməsi ilə bağlı qayda yoxdur:

“Yol pulunun verilməsi nəzərdə tutulmayıb. Kim və necə belə söz verib, bu barədə məlumatım yoxdur”.\\musavat.com

Seçilən
2
1
nocomment.az

2Mənbələr