Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan futbolunda əksər dostluqlar saxtadır. Elə bir çox düşmənliklər də. Hər kəs işinin getməsində maraqlıdır. Ona görə də münasibət dəyişkənliyi adi hal alıb illərimizi keçirdiyimiz bu sahədə.
Azərbaycan futbolunda bir adət də var - həmişə varlıların və güclülərin yanında olmaq! Əslində, tək futbolda yox, cəmiyyət içində də belədir. Açığı, bunun nə vaxtsa dəyişəcəyinə ümid də yoxdur. Bir az uzaqdan başladım, amma qayəsi var bu yazdıqlarımın.
II Liqada çıxış edən "Dinamo"nun prezidenti Yaşar Seyidov Premyer Liqa klublarına çağırış edib. UEFA-dan gələn həmrəylik pulundan "Dinamo"ya yardım ayırmağı, həmin vəsaitlə Abşeron Olimpiya Kompleksinin stadionunda süni ot örtüyünün dəyişdirilməsini təklif edib. Bilməyənlər üçün deyim ki, "Qarabağ" istisna olmaqla hər klubun payına 1,6 milyon manat düşüb.
Klublarımız nəinki həmrəylik göstərib pulundan keçməyə, bu məsələnin müzakirəyə çıxarılmasına belə qarşı olublar. Yaşar Seyidovun Klublar Komitəsinin iclasına qatılıb heç sözünü deməsinə də şərait yaradılmayıb. Halbuki əksər klubların candərdi saxladığı uşaq futbolunda "Dinamo" bir qəpik kənar dəstək olmadan bütün yaş qrupları ilə aşağı liqalarda təmsil olunur. Həmin pulu da Yaşar bəy cibinə qoymaq üçün istəmir, 300 uşağın daha yaxşı örtükdə məşq etməsi üçün çalışır.
Vaxt var idi Yaşar Seyidov ölkənin ən varlı klublarından olan "Bakı"nın idarəçilərindən biriydi. Hafiz Məmmədovun yiyəsi olduğu klubun heç kimə ehtiyacı yox idi, əksinə, ehtiyacı olan klublara dəstək verirdilər bir çox məsələdə. O vaxtlar varlı və güclü "Bakı"nın, dolayısı ilə həm də Yaşar Seyidovun yanında olmaq istəyənlər çox idi. İndi isə təcrübəli funksionerin sözünü dinləməyə belə hövsələsi çatmır həmkarlarının...
Yaşar Seyidov kimi futbol adamının meydanda tək qalmasını görmək ağır gəlir insana. Mətbuat hər cür dəstəyini versə də, Premyer Liqa klublarının rəhbərləri görməzdən gəlirlər onu. Bu mövsüm UEFA-dan gəliri 60 milyon manatı aşan "Qarabağ"dan, uşaq futboluna diqqəti ilə öyünən "Sabah"dan, büdcəsini yerli-yersiz əcnəbilərə dağıdan "Neftçi"dən, rəhbəri adam kimi adam olan "Turan Tovuz"dan, "Zirə"dən və başqalarından dəstək umur Yaşar Seyidov.
Amma çətin. "Dinamo"nun yanında olmaq kimə gərəkdir... Hamı varlıların və güclülərin yanında olmaq istəyir!
Emin Abbasov
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.