Rumıniya futbol millisinin baş məşqçisi Mirça Luçeskunun halı yenidən pisləşib.
İdman.Biz Rumıniya mətbuatına istinadla xəbər verir ki, martın 31-də Slovakiya ilə keçiriləcək yoldaşlıq oyununa hazırlıq zamanı təcrübəli mütəxəssisin halı qəfil pisləşib və 80 yaşlı baş məşqçiyə ilk müdaxiləni milli komandanın tibbi heyəti edib. Daha sonra o, təcili yardımla Buxarestdəki xəstəxanalardan birinə çatdırılıb.
Federasiya Luçeskunun vəziyyətinin hazırda stabil olduğunu açıqlayıb:
“Son məşqdən əvvəl keçirilən texniki toplantı zamanı Mirça Luçesku özünü pis hiss edib. Milli komandanın tibbi heyəti dərhal müdaxilə edib və çağırış əsasında iki təcili
yardım briqadası əraziyə gəlib. Tibbi protokollara uyğun olaraq və hər hansı riski aradan qaldırmaq məqsədilə baş məşqçi ətraflı müayinə üçün xəstəxanaya göndərilib”.
Rumıniya mətbuatında yayılan bəzi xəbərlərdə təcrübəli mütəxəssisin ürək tutması keçirdiyi iddia edilsə də, digər mənbələr bunun sadəcə təzyiq düşməsi olduğunu qeyd edirlər. Hələlik Luçeskunun səhhəti ilə bağlı dəqiq diaqnoz rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, bir müddət əvvəl də Luçesku eyni vəziyyətlə üzləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Mirça Luçesku karyerası ərzində "Qalatasaray", "Beşiktaş", "Şaxtyor" (Donetsk) və Türkiyə milli komandası kimi önəmli kollektivləri çalışdırıb.