AZ

İran Yunanıstana xəbərdarlıq edib: ABŞ və İsrailə dəstək verməyin...

Tehran üçüncü ölkələrin müharibəyə cəlb olunmasına qarşı çıxır, beynəlxalq hüquqa riayət olunmasını tələb edir...

Poliqon xəbər verir ki, bu barədə Tasnim Agentliyi məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Yunanıstana ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasına hər hansı formada dəstək verməməsi ilə bağlı xəbərdarlıq edib.

Şənbə günü keçirilən telefon danışığı zamanı Abbas Əraqçi və Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis ABŞ və İsrail tərəfindən İrana qarşı başladıldığı bildirilən müharibənin nəticələrini müzakirə ediblər. İran tərəfi vurğulayıb ki, bütün dövlətlər öz ərazilərinin və resurslarının digər ölkələrə qarşı aqressiv əməliyyatlar üçün istifadə olunmasının qarşısını almağa borcludur.

Yunanıstanın xarici işlər naziri isə münaqişənin təhlükəsizlik və iqtisadi sahələrdə yaratdığı nəticələrlə bağlı ciddi narahatlığını ifadə edib və regionda sülh və sabitliyin ən qısa zamanda bərpa olunacağına ümid etdiyini bildirib.

Abbas Əraqçi söhbət zamanı ABŞ və İsrailin son 30 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatları “açıq aqressiya” kimi qiymətləndirərək, bunun BMT Nizamnaməsinin 4-cü maddəsinin kobud şəkildə pozulması olduğunu qeyd edib. O, beynəlxalq ictimaiyyəti bu cür hücumları pisləməyə və aqressorlarla hər hansı əməkdaşlıqdan çəkinməyə çağırıb.

Nazir həmçinin bildirib ki, ABŞ və İsrailin hərəkətlərinə qarşı laqeyd münasibət beynəlxalq hüquqi və mənəvi nizamın zəifləməsinə səbəb olub və bunun nəticələri bütün ölkələr üçün mənfi olacaq. Onun sözlərinə görə, Hörmüz boğazında təhlükəsizlik problemlərinin yaranması da birbaşa bu hərbi gərginliklə əlaqədardır.

İran tərəfi qeyd edib ki, ölkə beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, Hörmüz boğazının aqressor qüvvələr tərəfindən qanunsuz məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirib. Eyni zamanda, digər ölkələrin gəmilərinin təhlükəsiz keçidinin təmin olunması üçün müvafiq hərbi təhlükəsizlik qurumları ilə koordinasiya aparıldığı bildirilib.

Əraqçi vurğulayıb ki, İranın gördüyü tədbirlər düşmən qüvvələrə aid gəmilərin boğazdan keçidinin məhdudlaşdırılmasına yönəlib, lakin beynəlxalq ticarət və gəmiçilik marşrutlarının tam bağlanması məqsəd daşımır.

Bununla yanaşı, İran rəsmisi ABŞ və İsrailin müharibəni genişləndirmək planları barədə xəbərdarlıq edərək, digər ölkələrin bu prosesə cəlb olunmasının və ya “başqasının bayrağı altında” əməliyyatların həyata keçirilməsinin region üçün daha böyük təhlükələr yaradacağını bildirib.

Ekspertlərin fikrincə, bu bəyanatlar regionda geosiyasi gərginliyin daha da artdığını göstərir və xüsusilə enerji marşrutları ilə bağlı risklərin yüksəlməsi qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
50
50
poliqon.info

10Mənbələr