AZ

Təhlükəsizliyimizi təmin edən görünməz əllər

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Martın 28-i Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır

Azərbaycan təhlükəsizlik orqanlarının tarixi 107 il əvvələ dayanır. 1919-cu il martın 28-də Azərbaycan Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 nömrəli əmrlə Baş Qərargahın Baş İdarəsinin General-kvartirmeyster şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır. Səməd bəy Mehmandarov Nazirlər Şurasının sədrinə məruzəsi zamanı kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsinin "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaq"dan ibarət olduğunu bildirmişdi. Qeyd etmək lazımdır ki, xüsusi bacarıq tələb edən bu sahədə peşəkar mütəxəssislər olmadığından bölmənin əməkdaşları keçmiş çar ordusunun hərbçilərindən komplektləşdirilmiş və ilkin ştatda 28 nəfər nəzərdə tutulmuşdu.

Kadr qıtlığına, peşəkar zabit çatışmazlığına baxmayaraq, Azərbaycan kəşfiyyatçıları Gürcüstan, Ermənistan, Şimali Qafqaz və digər bölgələrdən qiymətli məlumatlar əldə edərək mərkəzə göndərir, mümkün olan bütün kanallardan yararlanmağa çalışır, Xarici İşlər Nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına məxfi kargüzarlığın, şifrləmənin sirlərini öyrədirdilər.

Sovet dövründə idarə əvvəlcə Daxili İşlər Xalq Komissarlığının tərkibində Fövqəladə Komissiya adlanıb, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Həmin dövrdə respublika təhlükəsizlik orqanlarında milli kadrlar azlıq təşkil edib. Yalnız ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub.

Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu.

Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətə başlamasından sonra Milli Təhlükəsizlik Nazirliyi təşkil olundu və ulu öndər bu sistemin modernləşdirilməsi, peşəkarlığının artırılması və texniki bazasının gücləndirilməsi üçün ciddi islahatlar apardı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycan təhlükəsizlik orqanlarının dövlətimiz və xaqlımız qarşısında ən böyük xidməti 2-ci Qarabağ Müharibəsində göstərildi. Böyük Qələbənin qazanılmasında təhlükəsizlik orqanlarımız müstəsna və əvəzedilməz xidmətlər göstərdi. Bundan başqa, həm müharibədən əvvəlki dövrdə, həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə təhlükəsizlik orqanlarımız ölkəmizdə terror aktları, dövlət çevrilişi və iğtişaşlar törətməyə çalışan xarici düşmənlərinin planlarının qarşısını uğurla alıb və nəticədə Azərbaycan 30 ildən çoxdur ki, dünyanın ən təhlükəsiz ölkələri sırasında yer alır.

DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir.

Dövlət Təhlükəsizliyi Xidmətinə eyni zamanda dövlət sirrinin mühafizəsi ilə bağlı müstəsna vəzifələr həvalə edilmişdir. Bu səlahiyyətlərə uyğun olaraq informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması, vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması üçün yoxlama tədbirləri, müəssisə, idarə və təşkilatlara dövlət sirri ilə işləməyə icazənin verilməsi DTX tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərən Dövlət Təhlükəsizliyi Xidməti vəzifələrinin icrası zamanı insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin qanunun aliliyi, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərini rəhbər tutur.

Dövlət Təhlükəsizliyi Xidməti beynəlxalq tərəfdaşlarla, dünyanın 51 ölkəsinin 77 xüsusi xidmət, təhlükəsizlik, hüquq-mühafizə orqanı ilə qlobal təhdidlərə, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa qarşı çoxtərəfli və ikitərəfli formatda əməkdaşlıq edir.

Belə ki, DTX Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərləri Şurasının və Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının üzvüdür. Həmin təsisatlar çərçivəsində terrorçuluq, iqtisadi cinayətkarlıq, kibercinayətkarlıq, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, beynəlxalq nəqliyyat daşımalarının təhlükəsizliyi və digər sahələrdə fəaliyyətlər əlaqələndirilir və regional təhlükəsizliyə aid müxtəlif məsələlər müzakirə olunur.

Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin Müşavirəsində, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin Müşavirəsində, habelə digər müxtəlif beynəlxalq qurumların, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin, RATS-ın tədbirlərində mütəmadi iştirak edir.

Bundan başqa, son dövrlərdə bir necə ölkələrlə təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Xarici dövlətlərin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə imzalanmış ikitərəfli sazişlər əməkdaşlığın inkişafında mühüm rol oynayır və bu istiqamətdə işlər davam etdirilir.

Son illərdə isə DTX-nın fəaliyyəti daha yüksək səviyyəyə qalxıb və xalq arasında nüfuzu daha da yüksəlib. Bu gün Azərbaycan dövlətinin təhlükəsizliyi, ölkə əhalisinin əmin-amanlıq şəraitində yaşamasının arxasında DTX əməkdaşlarının çox vaxt görünməyən çox nəhəng zəhməti dayanır. Hər bir Azərbaycan vətəndaşı ətraf ölkələrdə tez-tez terror aktlarının, qarşıdurmaların və iğtişaşların baş verdiyi bir dövrdə özünün stabil, təhlükəsiz bir ölkədə yaşadığını gördükdə bunun arxasında nə dərəcədə böyük bir zəhmətin dayandığını az da olsa təsəvvür edir. Lakin biz bilirik ki, çoxunu bilmirik. Çünki DTX sakit, inamlı və təvazökar prinsiplərlə öz işini gecə-gündüz yüksək peşəkarlıqla yerinə yetirir. Azərbaycan dövləti həmişə var ola bilsin, Azərbaycan xalqı təhlükəsiz yaşaya bilsin deyə. Amma bu vəzifənin nə qədər ağır, nə qədər çətin, nə qədər məsuliyyətli olduğunu biz istəsək də tam dərk edə bilmərik. Bununla belə, azacıq bildiklərimiz belə, onlara böyük minnətarlıq hissimizin yaranmasına kifayət edir.

Bu gün təhlükəsizlik əməkdaşlarının peşə bayramıdır. Biz də təhlükəsiz bir ölkənin bir vətəndaşı olaraq bu təhlükəsizliyi öz qanları, canları bahasına təmin edənləri təbrik edir, onlara can sağlığı və bu müqəddəs vəzifələrində uğurlar arzu edirik.

Dövlətimiz var olsun, xalqımız sağ olsun.

Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
sesqazeti.az

1Mənbələr