AZ

Bu şəxslərə ŞAD XƏBƏR - Güclü yağış onların ÜZÜNÜ GÜLDÜRƏCƏK

Son günlər Azərbaycanda müşahidə olunan intensiv yağıntılar şəhər təsərrüfstəna pprobıemlər yaratsa da, kənd təsərrüfatına müsbət təsirlər vəd edir.

Quraqlıqla yadda qalan əvvəlki illərlə müqayisədə, bu il yağıntıların artması, ümumi mənzərəyə yeni dinamika gətirib.

Quraqlıqdan sonra torpaq suya doyur

Kənd Təsərrüfatı Nazirliyinin regional karantin inspeksiyasının və bitki mühafizə mərkəzinin keçmiş rəisi, hazırda özəl aqroməsləhət şirkətinin rəhbəri Mirdamət Sultanov “Yeni Sabah”a müsahibəsində deyib ki, son illərdə müşahidə olunan quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurmuşdu. Onun sözlərinə görə, bitki hüceyrəsinin böyük hissəsini su təşkil etdiyindən, yağıntı çatışmazlığı məhsuldarlığa birbaşa təsir göstərirdi. Bu baxımdan, cari mövsümdə payızdan başlayaraq yağıntıların artması kənd təsərrüfatı üçün yalnız müsbət nəticələr vəd edir.

“Bu yağışlar məhsulu artıracaq”

Belə görünür ki, şəhər təsərrüfatını iflic edən intensiv yağışlar kənd təaərrüfatına bolluq-bərəkət vəd edir. Bol məhsul isə, öz növbəsində, ucuzluğu bərabərində gətirir.

“Bu il istər payızda, istərsə də qışda havaların yağışlı-qarlı keçməsi, yazda da yağıntıların normadan artıq olması kənd təsərrüfatı sahəsində özünün yalnız və yalnız müsbət təsirini göstərəcək. Bu istər taxılçılıqda, istər bostan-tərəvəzdə, istər pambıqçılıqda arat sahələrinin hazırlanması və əkinə hazırlıq mərhələsində torpaqda rütubətin kifayət qədər olması məhsuldarlığın artması üçün zəmin yaradır”, - aqroekspert deyib.

M.Sultanovun fikrincə, hazırkı yağıntılar normadan kəskin artıq olmadığı üçün fermerlər narahatlıq keçirməməlidir.

Bir inci saflığı varsa da suda...

Bununla belə, Mirdamət Sultanov yağışların potensial risklərinə də diqqət çəkib. O bildirir ki, həddindən artıq yağıntı və sel suları müəyyən hallarda kənd təsərrüfatına zərər verə bilər. Xüsusilə torpaqda suyun uzun müddət qalması bitkilərin kök sistemində xəstəliklərin yaranmasına səbəb ola bilər. “Torpaqda suyun miqdarı çox qalarsa, bitkinin kök sistemində müəyyən kök fəsad xəstəlikləri yarana bilər. Amma son iki gündə yağan yağışların o cür fəsad vermək ehtimalı minimuma bərabərdir. Çünki hələ torpaqda bitki üçün əks təsir göstərə biləcək qədər yağış miqdarı formalaşmayıb. Hazırkı şəraitdə belə risklər minimum səviyyədədir”, - mütəxəssis əlavə edib.

Ekspertin fikrincə, yaxın günlərdə temperaturun yüksəlməsi bitki örtüyünün daha sürətli formalaşmasına gətirib çıxaracaq: “Artıq bir çox sahələrdə bitkilər torpaq səthini örtüb və bu, torpaqda nəmin qorunmasına, buxarlanmanın azalmasına şərait yaradır. Bu isə bitkilərin inkişaf dövründə suya olan tələbatın təbii şəkildə ödənilməsi deməkdir”, - deyə o, əlavə edib.

Otlaq da canlanır, heyvandarlıq da

Sahədə çalışan fermerlər də vəziyyəti ümumilikdə müsbət qiymətləndirirlər.

Fermer Teyyub Abdullayev bildirir ki, əvvəlki illərlə müqayisədə bu il kənd təsərrüfatında ciddi artım gözlənilir. “Yeni Sabah”a müsahibəsində fermer deyib ki, xüsusilə heyvandarlıq sahəsində irəliləyiş ehtimalı yüksəkdir, çünki uzun müddətdir, zəifləmiş örüş sahələri bu yağışlar sayəsində yenidən canlanır.

Fermer qeyd edir ki, otlaq sahələrinin bərpası heyvanların yem bazasının genişlənməsinə səbəb olacaq və bu da məhsuldarlığa birbaşa təsir edəcək. Eyni zamanda, suya tələbatı yüksək olan dəmyə əkini kimi sahələr üçün də bu yağıntılar əlverişli şərait yaradır. Onun fikrincə, torpağın kifayət qədər rütubət toplaması yaz və yay aylarında əlavə suvarmaya olan ehtiyacı da müəyyən qədər azalda bilər.

Bir az gecikmə var, amma böyük problem deyil

Teyyub Abdullayev hesab edir ki, mövcud şəraitdə bəzi əkin sahələrində gecikmələr qaçılmazdır. Lakin bu gecikmələrin ümumi təsiri məhdud olacaq. “Əgər 20 faiz əkin gecikəcəksə, 80 faiz sahə bundan xeyir götürəcək”, – deyə o vurğulayır.

Fermerin sözlərinə görə, bu yağışlar torpağın münbitliyinin artmasına da müsbət təsir edir. Rütubətli torpaq bitkilərin kök sisteminin daha yaxşı inkişaf etməsinə şərait yaradır. Bundan əlavə, erkən mərhələdə yaranan yaşıl örtük torpağı günəş şüalarından qoruyaraq nəmin saxlanmasına kömək edir. Bu isə xüsusilə yay aylarında quraqlıq riskini azaldan əsas amillərdən biri hesab olunur.

Beləliklə, intensiv yağıntılar qısamüddətli çətinliklər yaratsa da, həm ekspertlər, həm də fermerlər ümumi mənzərəni müsbət qiymətləndirirlər. Xüsusilə su ehtiyatlarının artması, otlaq sahələrinin canlanması və torpağın rütubət balansının bərpası kənd təsərrüfatı üçün bu yağıntıları daha çox imkan kimi önə çıxarır.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr