AZ

Yağış Bakını yenə iflic etdi: “Həlli mümkün görünmür”

"Bakı şəhəri o qədər unikal bir şəhərdir, onun dənizə birbaşa çıxışı var. Burada elə bir sistem qurmaq olardı ki, illərlə yağış yağsa belə, küçələrdə bir damcı su qalmazdı. Bu, sadəcə olaraq şəhərsalma problemidir".

Bunu “Cebheinfo.az”-a açıqlamasında, artıq bir neçə gündür davam edən aramsız yağışlar səbəbindən Bakı şəhərinin iflic olması ilə bağlı, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.

O bildirib ki, bu, dərin problemdir və həlli mümkün görünmür:

"Heç kim ümidlənməsin ki, bunun həlli mümkündür. Bunun səbəbi əslində hər kəsə aydındır. Nə baş verdiyini bilməyən demək olar ki, yoxdur. Bu, ümumilikdə ciddi şəhərsalma nöqsanıdır. Bakı şəhəri vaxtilə təxminən 1 milyon əhali üçün planlaşdırılıb. Lakin urbanizasiya prosesinin təsiri ilə Bakı yüklənib.

Bu gün isə çoxmərtəbəli binaların sürətlə inşa edilməsi, əhali sayının kəskin çoxalması fonunda su və kanalizasiya sistemlərində, ümumilikdə ötürücü infrastrukturda demək olar ki, heç bir yenilənmə yoxdur. Kanalizasiya sistemlərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı addım atılmayıb".

Onun sözlərinə görə, şəhər kortəbii şəkildə satılıb və tikilib:

"Demək olar ki, zamanla həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də müvafiq rayon icra hakimiyyətləri tərəfindən tikinti ilə bağlı sərəncamlar verilib. Rüşvətlərini alıblar və nəticədə müxtəlif ərazilərdə, çox vaxt şəhərsalma prinsipləri tam nəzərə alınmadan 16 mərtəbəli və daha hündür binalar inşa olunub.

Bu tikililərin artmasına baxmayaraq, onların su və kanalizasiya sistemləri əsasən ötən əsrin 50-ci illərində qurulmuş köhnə infrastruktura ötürülür. Belə olan halda mövcud sistemin təbii ki, gücü çatmayacaq. Çünki ötürücülük imkanları sıfırdır. Bu yükün öhdəsindən gəlməsi, təbii ki, mümkün deyil".

O qeyd edib ki, şəhərdə yağış sularının idarə olunması sahəsində zəruri yenilənmələr hələ həyata keçirilməyib:

"Birincisi, bu sahədə zəruri yenilənmələr həyata keçirilməyib. İkincisi, bu gün tez-tez “ağıllı şəhər” deyirlər. Lakin şəhərin hansısa hissəsində işıqforların və ya monitorinq sistemlərinin quraşdırılması hələ “ağıllı şəhər” demək deyil.

Məsələn, “ağıllı şəhər” Berlindi. Berlin kimi şəhərlərdə yağış sularının ayrıca depolaşdırılması üçün xüsusi sistemlər qurulub.Yağıntı suları yeraltı anbarlarda toplanır və sonradan təkrar istifadə üçün şəhərin su təchizatı sisteminə yönləndirilir. 

Azərbaycanda isə belə bir yanaşma demək olar ki, mövcud deyil. Bizim yağış suları əsasən birbaşa kanalizasiya sisteminə buraxırlar".

Sədr vurğulayıb ki, yeni tikilən binalarda da kanalizasiya sistemlərinin əksəriyyəti ya bağlanıb, ya da içi doldurulub:

"Bu proses kortəbii şəkildə həyata keçirilib. Ümumiyyətlə, bina tikintisi ilə məşğul olanlara düzgün tapşırıqlar verilmir ki, həmin ərazilərdən hansı kommunikasiya xətləri keçir və onların qorunması necə təmin olunmalıdır.

Eləsi var ki, qazıb ağzını bağlayıb. Tutaq ki, bu cür hallar yalnız bir neçə binada baş versin, kütləvi şəkildə bizə problem yaratmaz. Lakin əsas problem ondadır ki, sudan istifadə edənlərin sayı əvvəllər təxminən bir milyon idisə, indi 5 milyondur. 

Amma o su və kanalizasiya sistemlərinin diametri, yükdaşıma qabiliyyəti və ötürücülük imkanları əvvəlki kimi qalıb".

İlqar Hüseynli deyib ki, müəyyən küçələrdə asfalt örtüyü çəkilərkən kanalizasiya lüklərinin quraşdırılması da düzgün aparılmır:

"Nəzəri baxımdan bəzi ərazilərdə kanalizasiya sistemlərinin ötürücülük imkanları nəzərdə tutulsa da, asfaltlama zamanı bu sistemlərə təzyiq yaradan uyğun olmayan lük qapaqları quraşdırılır.

Onların da su keçicirilik asfalt örtüyü elə vurulur ki, üstü ilə bərabərləşir. Buna görə də həmin o kanalizasiya sistemlərinin qapaqları asfaltla eyni məsafədədi. Nəticədə suyun axını üçün lazım olan keçicilik imkanları zəifləyir.

Bəzi yerlərdə layihə üzrə, məsələn, 10 kanalizasiya lükü nəzərdə tutulduğu halda, sonradan hansısa prosesdə onların bir qismi bağlanır, nəticədə cəmi 4-5 lük saxlanılır. Ona görə də yağış suları birbaşa prospektlərlə axır".

Sədr bildirib ki, bu problemin yeganə real həll yolu Bakı şəhərinin su-kanalizasiya sisteminin tamamilə sökülüb boruların diametri böyüdülməsi, uklonların düzgün verilməsi, yağış suları və məişət tullantılarının ayrılaraq dənizə ötürülməsi şərti ilə yenidən qurulmasıdır:

"Yeni sistemin yaradılması zamanı bir neçə variant nəzərə alınmalıdır. Yeraltı anbarlar quraşdırılaraq yağış suları toplanmalı və sonra təkrar istifadə üçün sistemlərə ötürülməlidir.

Əgər anbar sistemi qurulmasa belə, kanalizasiya sistemləri elə layihələndirilməlidir ki, yağış suları birbaşa kanalizasiyadan ayrılaraq dənizə axa bilsin. Bakı kəndlərinin də Xəzərə çıxış imkanları var".

Seçilən
15
cebheinfo.az

1Mənbələr