AZ

Rusiya benzin ixracını dayandırdı Kreml Ukrayna PUA ları ilə bacarmır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Energetika Nazirliyinə 1 aprel 2026-cı il tarixindən etibarən benzin ixracını qadağan edən qətnamə layihəsi hazırlamağı tapşırıb.

“AzPolitika” xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, qərar Energetika Nazirliyinin, Federal Antiinhisar Xidmətinin, Sankt-Peterburq Birjasının və sənaye şirkətlərinin nümayəndələri ilə görüşdən sonra qəbul edilib. Nazirlər Kabineti vurğulayıb ki, məqsəd Yaxın Şərqdəki böhranın yaratdığı qarışıqlıq fonunda qiymətləri sabitləşdirmək və daxili bazara prioritet tədarük təmin etməkdir.

Əslində isə benzin ixracı son zamanlar Ukrayna PUA-larının Rusiya neft email zavodlarına endirdiyi zərbələrlə bağlıdır. Benzin ixracına qoyulan qadağa, neft emalı zavodlarına edilən bir sıra dron hücumlarından sonra qoyulub.

Fevral ayında Rusiyada ən böyük zavodlardan biri olan və 13 milyon ton tutuma malik Volqoqrad Neft Emalı Zavodu dron hücumundan sonra benzin istehsalını dayandırıb. 21 martda Rosneft-in Saratov Neft Emalı Zavodu dron hücumundan sonra neft emalını dayandırıb.

Martın 26-sı gecəsi Leninqrad vilayətindəki Kirişinefteorgsintez (Kinef) - Rusiyanın ikinci ən böyük neft emalı zavodu (ildə 20 milyon tona qədər) - zərbə aldı. “Reuters” mənbələrinə görə, hər iki əsas qurğu - AVT-4 və AVT-6 - zədələnib və onların bərpa müddəti məlum deyil. Ötən il Rusiyanın ümumi neft emalının 7%-ni təşkil edən Kinef, PUA hücumu səbəbindən altı ay ərzində üçüncü dəfə istehsalı dayandırdı.

Rusiyada yanacaq qiymətləri fevral ayının sonlarından, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyat başlatdığı və Hörmüz boğazının blokadasına səbəb olduğu vaxtdan bəri artmaqdadır. Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasında benzin və dizel yanacağının topdansatış qiymətləri müvafiq olaraq 14% və 22% artıb.

Ötən ilin avqust ayında da Rusiyada benzin ixracına qadağa qoyulmuşdu. Ukraynanın pilotsuz təyyarələrinin hücumları neft emalı zavodlarının gücünün təxminən 15%-ni sıradan çıxarmışdı. Qadağa 31 yanvarda ləğv edilib. "İnterfaks" mənbələrinə görə, yeni qadağa bütün ixracatçılara şamil ediləcək və üç ay müddətində qüvvədə olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
azpolitika.info

1Mənbələr