Rusiyada kartof çipsləri ilə bağlı ilk dəfə rəsmi standart qəbul edilib.
Musavat.com xəbər verir ki, Rosstandart tərəfindən təsdiqlənən sənəd aprelin 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, çipslər xırtıldayan və asan qırılan olmalı, həmçinin istifadə olunan qatqılara uyğun xarakterik dad və qoxuya malik olmalıdır. Sənəddə məhsulun tərkibi ilə bağlı da konkret tələblər müəyyən edilib.
Belə ki, təbii kartofdan hazırlanan çipslərdə yağın miqdarı 45%-dən, emal olunmuş xammaldan hazırlanan məhsullarda isə 35%-dən çox olmamalıdır. Bundan əlavə, məhsulda qəhvəyi rəngli çipslərin payı 20%-i, xırdalanmış hissələrin payı isə 25%-i keçməməlidir.
Standarta görə, çipslər yağda qızardılmış və ya sobada bişirilmiş formada istehsal oluna bilər, qida əlavələrinin istifadəsi isə məcburi deyil. Məhsulların hermetik qablaşdırılması və birbaşa istehlaka hazır olması da əsas şərtlərdən biridir.
Qeyd edək ki, bu standart təkcə Rusiyada deyil, eyni zamanda Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstanda da tətbiq olunacaq.
Musavat.com