ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonun təhlükəsizlik zəmanətlərini Donbasdan geri çəkilmə şərti ilə bağlaması barədə açıqlamalarını kəskin şəkildə təkzib edib.
Musavat.com-un məlumatına görə, Rubio bildirib ki, bu iddialar “yalan”dır və Ukrayna liderinin belə bəyanat verməsi təəssüf doğurur. ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton Kiyevə yalnız bir məsələni açıq şəkildə izah edib: təhlükəsizlik zəmanətləri yalnız müharibə başa çatdıqdan sonra qüvvəyə minə bilər.
Dövlət katibi vurğulayıb ki, bu yanaşma heç bir halda ərazi güzəşti – xüsusilə Donbasdan imtina ilə əlaqələndirilməyib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyinə Rusiyanın mövqeyi çatdırılıb və artıq seçim etmək növbəsi Kiyevə aiddir.
Rubio açıq şəkildə bildirib ki, əgər Ukrayna tərəfi kompromisə getməkdən imtina edərsə, müharibənin davam etməsi qaçılmaz olacaq. Eyni zamanda o əlavə edib ki, ABŞ-nin təhlükəsizlik təminatları aktiv münaqişə şəraitində tətbiq edilə bilməz, çünki bu, Vaşinqtonu birbaşa müharibəyə cəlb edə bilər.
Qeyd edək ki, bundan əvvəl Zelenski ABŞ-nin təhlükəsizlik zəmanətlərini Donbasın Rusiyaya verilməsi ilə əlaqələndirdiyini bildirmişdi. Bu məsələ ətrafında tərəflər arasında ziddiyyətli açıqlamalar gərginliyi daha da artırıb.
Musavat.com