ABŞ-də aparılan son araşdırmalar böyüklərin demək olar ki, yarısının emal olunmuş ət məhsulları ilə kolorektal xərçəng arasındakı əlaqədən xəbərsiz olduğunu üzə çıxarıb.
KONKRET.az xəbər verir ki, Məsuliyyətli Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) hesabatına görə, kolbasa, sosis və digər emal edilmiş ətlərin istehlakı bu xəstəliyə tutulma riskini ciddi şəkildə artırır.
Terapevt Cozef Barrokas bildirir ki, kolorektal xərçəng hazırda 50 yaşdan aşağı şəxslər arasında onkoloji ölüm səbəbləri içərisində ön sıralara çıxıb. Lakin bir çox insan hələ də qidalanma faktorunun bu xəstəlikdəki rolunu dərk etmir. Məlum olub ki, respondentlərin yalnız üçdə biri bu barədə həkimindən məlumat alıb. Həkimlər hesab edirlər ki, yalnız skrininq müayinələri ilə kifayətlənmək olmaz, xəstələrlə pəhrizin təsiri daha aktiv müzakirə edilməlidir.
Elmi məlumatlar göstərir ki, həyat tərzi və qidalanma vərdişləri riski əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, bitki mənşəli pəhriz saxlayanlarda bu xəstəliyə yoluxma ehtimalı 22 faiz daha azdır. Xüsusilə lifli qidaların (kletçatka) qəbulu bağırsaq poliplərinin yaranma riskini 72 faizə qədər azaldır.
Qidalanma eksperti Anna Herbi qeyd edir ki, hər gün rasiona əlavə edilən 10 qram lif xərçəng riskini təxminən 10 faiz aşağı salır. Bunun üçün giləmeyvələr, paxlalılar və toxumlar kimi sadə məhsullardan istifadə etmək kifayətdir. Bundan əlavə, normal çəkini qorumaq, spirtli içkilərdən uzaq durmaq və müntəzəm fiziki fəallıq profilaktika üçün vacib şərtlərdir.\\demokrat.az