“Bu gün Rusiya Federasiyası Prezidentinin göstərişinə uyğun olaraq və fövqəladə hallar nazirinin tapşırığı ilə İran xalqına təcili humanitar yardımın çatdırılmasının ikinci mərhələsi başa çatdı”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Dmitri Nikolayeviç Melnik Astarada jurnalistlərə açıqlamasında bildirib.
“Bu yardıma 300 ton müxtəlif tibbi ləvazimatlar daxil idi. Bildiyiniz kimi, bundan əvvəl təyyarə ilə Lənkəran hava limanına, sonradan İrana daha bir çatdırılma həyata keçirilib. Ümumilikdə, yükün çatdırılması təxminən dörd gün çəkdi. Bu, Rusiyanın və Azərbaycanın müxtəlif qurumlarının səyləri sayəsində mümkün olub. Bununla bağlı humanitar yardımın sürətli çatdırılmasına kömək edən Rusiya nazirliklərinin və qurumlarının bütün əməkdaşlarına, eləcə də azərbaycanlı həmkarlarımıza təşəkkür etmək istərdim” , - deyə Dmitri Nikolayeviç Melnik əlavə edib.