“Bu şəhərdə” komandasının rəhbəri Müşviq Abbasov “Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi Elnur Məmmədovun dəfn mərasimi ilə bağlı paylaşım edib.
KONKRET.az Kult.az-a istinadən xəbər verir ki, Müşfiq Abbasov İnstaqram hesabında Elnur Məmmədovla vidaya KVN komandasından heç kimin gəlmədiyini bildirib.
“Dünən 20-ci əsrin çempionu olan “Parni iz Baku” KVN komandasının yaradıcılarından biri və birincilərindən olan, komandanın baş müəllifi, üzərimdə və yəqin ki, komandanın bir çox üzvünün üzərində haqqı olan Elnur Məmmədovu bu dünyadan yola saldıq. Mən və Vaqif Gərayzadə məsciddə, yuyulma mərasimində Bəhram Bağırzadəni gördük. Amma qəbiristanlıqda, dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik. Orada məndən və Elnurdan başqa keçmiş KVN-çilərdən heç kim yox idi. Yəqin kimsə burada deyildi, kimsə müalicədə idi, kimsə daha ciddi işlə məşğul idi, kimsə bunu özünə borc bilmədi, kimsə ona Elnura borc bilmədi.
Amma elə insanlar var ki, onları son mənzilə yola salmaq borc yox, vicdan məsələsidir. Əgər vicdan varsa.
Bəlkə də kapitan – Anar Məmmədxanov bu dünyada olsaydı, Elnuru o dünyaya yola salmağa komandadan çoxları gələrdi”, – deyə o yazıb.
Qeyd edək ki, 1990-cı illərin ən parlaq simalarından olan Elnur Məmmədov 24 martda dünyasını dəyişib. O, uzun müddət spirtli içkidən asılı olub və səfil həyat tərzi keçirirdi.