Bu günlərdə Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir.
Bu sərgilər “Novruz Festivalı” adı ilə xalqımızın milli bayramına həsr olunmuşdur. Sözügedən festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyətinə ətraflı məlumat vermək və eyni zamanda azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.
Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya–Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər. Novruz Festivalı çərçivəsində təşkil edilən sərgilərdə (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərləri nümayiş etdirilib.
Digər iki sərgi – “NovruzFest” və “Sərhədsiz rənglər” isə uşaq və açıq çağırış üzərindən olan azərbaycanlı rəssamların qrup sərgisi idi. Festival İtalya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya–Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir.
Qabil YUSİFOĞLU
XQ