AZ

Çinin aparıcı kosmik şirkəti: Bakı İpək yolunun keçmişi ilə gələcəyini birləşdirən əsas halqadır

Çinin “Starvision Aerospace” şirkəti Özbəkistanda keçiriləcək Beynəlxalq Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference - STC 2026) hazırlıq prosesinə qoşularaq Bakının tarixi və müasir İpək yolunun əsas qovşaqlarından biri kimi roluna diqqət çəkib.

AZƏRTAC xəbər verir ki, təşəbbüs çərçivəsində şirkət peyk məlumatlarına əsaslanan vizual analiz təqdim edib. Analizin mərkəzində paytaxtın iki simvolik memarlıq abidəsi — Qız qalası və Alov Qüllələri (“Flame Towers”) kompleksi yer alır.

Materialda qeyd olunur ki, İçərişəhərdə yerləşən Qız qalası min ildən artıqdır ki, mühüm tarixi orientir olaraq Böyük İpək yolu marşrutlarının əsas bağlayıcı elementlərindən biri kimi çıxış edir. Müasir Alov Qüllələri isə Bakının dinamik inkişafını, onun enerji və innovasiya mərkəzi kimi mövqeyini simvolizə edir.

“Starvision Aerospace”-in qiymətləndirmələrinə görə, peyk müşahidələri hər iki obyekti şəhərin qədim ticarət mərkəzindən qlobal iqtisadiyyatın müasir habına çevrilməsini əks etdirən vahid vizual və məna landşaftı kimi təqdim etməyə imkan verir.

Qeyd olunub ki, bu cür yanaşma kosmik analitika vasitəsilə İpək yolunun nəqliyyat və iqtisadi əlaqələrinin təkamülünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır.

Ötən il STC 2025 Bakıda keçirilib. Bu il isə STC 2026 Özbəkistanda aparıcı kosmik agentlikləri və elmi təşkilatları, o cümlədən “Uzcosmos”, “Azərkosmos”, “Turkish Aerospace”, Orta Doğu Texniki Universiteti, TÜBİTAK və Qazaxıstanın “Kazakhstan Gharysh Sapary” şirkətini bir araya gətirəcək.

Konfrans çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı, dayanıqlı infrastruktur və Mərkəzi Avrasiyada əməkdaşlığın gücləndirilməsi üçün kosmik texnologiyaların tətbiqi məsələləri müzakirə olunacaq.

Seçilən
4
2
yeniazerbaycan.com

3Mənbələr