AZ

Raritet avtomobillərin idxalı ilə bağlı güzəştin bazara təsiri olacaq?VİDEO

Azərbaycanda raritet avtomobillərin idxalı ilə bağlı yeni güzəşt tətbiq olunub. Artıq müəyyən şərtlərə cavab verən nadir avtomobillər ölkəyə ƏDV, aksiz və gömrük rüsumu ödənilmədən gətirilə bilər. Qanuna görə, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş, zavod buraxılış tarixindən 40 ildən çox keçən avtomobillər raritet avtonəqliyyat vasitəsi sayılır. Ancaq güzəştdən yararlanmaq üçün təkcə avtomobilin yaşı kifayət etmir. Bunun üçün müvafiq dövlət orqanının təsdiqedici sənədi də tələb olunur. Üstəlik, burada ciddi məhdudiyyət var. Belə ki, bir şəxs təqvim ili ərzində cəmi 1 ədəd, ölkə üzrə isə ümumilikdə yalnız 10 ədəd raritet avtomobili bu güzəştlə idxal edə bilər. Məhz bu səbəbdən iqtisadçılar hesab edirlər ki, söhbət kütləvi idxaldan yox, daha çox klassik avtomobil həvəskarları üçün yaradılmış istisna mexanizmdən gedir.

Əslində, yeni dəyişikliklə əvvəlki qaydadan əsas fərq də budur. Belə avtomobillərin ölkəyə gətirilməsi indiyədək mümkün idi, amma idxal zamanı vergilər və gömrük ödənişləri tətbiq olunurdu. İndi isə dövlət nadir və tarixi dəyəri olan bu nəqliyyat vasitələri üçün məhdud çərçivədə güzəşt mexanizmi yaradıb.

Xezerxeber.az-ın məlumatına görə,  ekspert Xalid Kərimli deyir ki, bir nəfərə yalnız 1 avtomobil limiti qoyulsa da, bu qaydanın müxtəlif şəxslərin adına rəsmiləşdirmə yolu ilə aşılması ehtimalı nəzərə alınıb. Məhz buna görə də ölkə üzrə ümumi 10 avtomobil limiti müəyyənləşdirilib. Bu da güzəştin kommersiya məqsədilə istifadəsini faktiki olaraq mümkünsüz edir.

Beləliklə, yeni qərar daha çox avtomobil irsinin qorunması və klassik avtomobil mədəniyyətinin təşviqi kimi qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr