Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şəhərin yarısı sökülmədən problem həll olunmayacaq, bu şəhər yaşanılmaz hala gəlib
Paytaxta düşən hər yağış damcısı Bakının "modern infrastruktur" illüziyasını yuyub aparır. Bu gün Masazır, Hökməli, Biləcəri və Sulutəpə, o cümlədən Ramana, Buzovna, Sabunçu sakinləri üçün göydən yağan bərəkət yox, aidiyyəti qurumların fəaliyyətsizliyindən doğan məişət faciəsidir.
Cəmi bir neçə saatlıq intensiv yağış yolları bataqlığa çevirmək üçün kifayət etdi.Küçələri su basıb.
Bakının bugünkü mənzərəsi göstərir ki, paytaxtın infrastruktur problemi artıq təbiət hadisəsi deyil, idarəetmə qüsurudur.
Hər dəfə yağış yağan kimi sakinlər ziyan çəkir, nəqliyyat iflic olur, cavabdeh qurumlar isə öz sükutunu pozmur.
Görəsən, aidiyyatı qurumlar paytaxtın mövcud infrastruktur sisteminin iflic vəziyyətini görmək üçün nəyi gözləyirlər?
Ekoloq Qorxmaz İbrahimli də hesab edir ki, yağışın Bakıda hər dəfə bu cür problemə çevrilməsinin artıq heç bir məntiqi və texniki bəhanəsi ola bilməz. O bildirib ki, Masazırda, Sabunçuda, Ramanada sakinlərin evlərinə qayıda bilməməsi, avtomobillərin suyun içində batıb qalması bir həqiqəti çılpaqlığı ilə ortaya qoyur: "Bakı hələ də yağışa hazır deyil və illərdir davam edən infrastruktur boşluqları sadəcə kosmetik müdaxilələrlə ört-basdır edilir.Əgər hər yağıntıdan sonra ictimai nəqliyyat iflic olursa, yollar keçilməz hala düşürsə və torpaq sürüşmələri təhlükə yaradırsa, deməli, ayrılan vəsaitlər və görülən işlər hədəfə dəyməyib.
Şəhərin mərkəzi ilə ətraf qəsəbələri arasındakı infrastruktur uçurumu hər yağışda daha da dərinləşir. Şəhərin inkişafı yalnız hündürmərtəbəli binalarla deyil, yerin altındakı sistemin dözümlülüyü ilə ölçülür.
Real işləyən kanalizasiya kollektorlarına və su basmayan küçələrə ehtiyac var".
Sağlam Cəmiyyət Hərəkatının sədri Elçin Bayramlı Sherg.az-a bildirib ki, problem şəhərin həddindən artıq yüklənməsi, xaotik tikililərın sıxlığı və su-kanalizasiya xətlərinin adekvat olmaması ilə bağlıdır: "Bu problemlər təbii olaraq Bakıda böyük infrastruktur problemləri yaradır. Bəzi ekspertlər qeyd edir ki, Bakı şəhərinin kanalizasiya sisteminin yenidən qurulması, yağış və çirkab sularının ayrılması, yağış sularının toplanması və təkrar istifadəsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su ehtiyatlarının səmərəli idarə olunması problemin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hesab edilir ki, bu yanaşma, həmçinin şəhərin infrastrukturunun müasirləşdirilməsi və ətraf mühitin qorunması istiqamətində atılan vacib addımlar problemi həll edə bilər. Lakin, fikrimcə, bunlar da problemi fundamental olaraq həll edə bilməyəcək, yalnız yüngüllləşdirə bilər.
Vaxtında verilən məsləhətlərə qulaq asıb iş görmədilər, indi isə çox gecdir. İndi bu təkliflərin həyata keçirilməsinin də heç bir mənası qalmayıb.
Adi yağış zamanı şəhəri niyə su basır? 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərindən başlayan tikinti bumu zamanı yağış suları üçün nəzərdə tutulmuş xətlər, drenaj sistemləri sıradan çıxarılıb və sonradan bərpa olunmayıb. Bu, kanalizasiya sisteminin bərbad vəziyyətə düşməsinə səbəb olub. Nəinki kanalizasiya xətləri, heç bir kommunal infrastruktur bu yükün öhdəsindən gələ bilmir. Düzənlik şəhərlərindən fərqli olaraq Bakının relyefi imkan verir ki, su xətləri vasitəsilə şəhərin kanalizasiya və yağış suları rahatca dənizə yönəldilsin, lakin şəhər təsərrüfatının rəhbərləri bu asan və sadə sistemi belə qurmayıblar, vaxtilə qurulanı da dağıdıblar".
E. Bayramlı hesab edir ki, milyonlar qazanmaq xatirinə şəhərsalmanın bütün qaydalarına tüpürülərək Bakını məhv edib, altını üstünə çeviriblər. Artıq heç bir qüvvə, heç bir layihə bu şəhəri düzəldə bilməz: "Adi günlərdə belə şəhərdə hərəkət etmək, avtomobili saxlamaq, metroya minmək əzabdır. Sıx-sıx tikilən çoxmərtəbəli binaların həyətində tərpənməyə yer yoxdur, uşaqların oynaması, böyüklərin istirahəti üçün yer yoxdur, ətrafında avtomobili dayandırmağa yer yoxdur. Paytaxt artıq yaşanılmaz hala gəlib. Yeganə çıxış yolu şəhərin azı yarısı sökülüb, yeni şəhərsalma layihəsi ilə yenidən inşa olunması və şəhər əhalisinin 2 dəfə azaldımasıdır. Bunun üçün də, azı 10-15 il vaxt və on milyardlarla vəsait lazım olduğu üçün, bu, qeyri-mümkündür. Ancaq bu sahədə müasir texnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi şəhər təsərrüfatının səmərəliliyini cüzi də olsa artıra və ətraf mühitin qorunmasına töhfə verə bilər. Nə yaxşı ki, Bakıda heç vaxt təbii fəlakət baş vermir, ildə 1 gün qar, bir neçə dəfə də adi yağış yağır. Əgər bir neçə gün davam edəcək qar və ya yağış yağsa, yaranacaq faciəvi vəziyyəti heç təsəvvür belə etmək mümkün deyil. Elə bir şərait yaradılmalıdır ki, insanlar könüllü şəkildə Bakını tərk eləsin. Əhalinin sayı azaldıqdan sonra paytaxtın infrastrukturunu yeniləmək və hansısa qabaqlayıcı tədbirlər görmək olar".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.