AZ

Milli Kitabxanada “27 mart Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-də Milli Kitabxanada “27 mart - Beynəlxalq Teatr Günü” adlı sərgi istifadəçilərə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə dünyada mövcud teatr sistemi, dünya teatr tarixi, teatr mədəniyyəti, Azərbaycanda teatr tarixi, inkişaf yolu, Azərbaycan və dünya dramaturqlarının əsərləri, aktyorluq sənəti, teatr nəzəriyyəsi və tənqidi və s. mövzularda Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş edilir.

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1961-ci ildə teatr sənətinin inkişafına dəstək vermək, onun cəmiyyətdəki rolunu vurğulamaq və müxtəlif xalqlar arasında mədəni əlaqələri gücləndirmək məqsədilə Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib.

Teatr insanın duyğularını, düşüncələrini və həyat həqiqətlərini səhnə vasitəsilə ifadə edən ən qədim incəsənət növlərindən biridir. Səhnədə nümayiş olunan əsərlər tamaşaçıları düşündürür, onları müxtəlif talelərlə tanış edir və həyatın müxtəlif tərəflərini anlamağa kömək edir. Teatr eyni zamanda cəmiyyətin problemlərini işıqlandırır və insanları daha həssas, daha anlayışlı olmağa çağırır.

Azərbaycanda teatr sənətinin zəngin tarixi var. Milli teatrımızın əsası 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının nümayişi ilə qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub.

Bu gün Azərbaycanda teatr sənəti inkişaf etməkdə davam edir və ölkədə bir çox peşəkar teatr fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən teatrlar milli incəsənətin ayrılmaz hissəsi olmaqla yanaşı, cəmiyyətin mədəni həyatında, milli mədəniyyətin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
azertag.az

2Mənbələr