AZ

Maarif və mədəniyyət tariximizdə parlaq sima

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fərrux RÜSTƏMOV

Əməkdar elm xadimi, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor

XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşa Azərbaycanın elm, təhsil, mədəniyyət və sənət həyatının mərkəzlərindən birinə çevrilmişdi. "Zaqafqaziyanın konservatoriyası" kimi tanınan Şuşada dini və dünyəvi məktəblər, kitabxanalar, mətbəələr, muğam evləri, xeyriyyə cəmiyyətləri, şeir və sənət məclisləri fəaliyyət göstərirdi. Cənubi Qafqazda ilk dünyəvi məktəb - qəza məktəbi 1830-cu ildə məhz Şuşada açılmışdı. Bunun əsas səbəbi burada yeni tip məktəblərin fəaliyyəti üçün münbit ictimai-mədəni mühitin mövcud olması idi. Açılan dünyəvi məktəblər Şuşanın maarifpərvər ziyalıları tərəfindən rəğbətlə qarşılanır, həm maddi, həm də mənəvi dəstək qazanırdı.

Şuşada dünyəvi məktəblərin - qəza, real və şəhər məktəblərinin yaranması yeni ziyalı nəslinin formalaşmasında müstəsna rol oynadı. Şuşalı gənclərin bu şəhərdən başlanan təhsil yolu Türkiyə, Ukrayna, Rusiya və Avropanın aparıcı universitetlərinə qədər uzanaraq onları elmi və ictimai nüfuzun zirvələrinə yüksəltdi.

Azərbaycanın təhsil və mədəniyyət tarixinə adını yazmış belə ziyalılardan biri də Kiyev Politexnik İnstitutunun məzunu Cəlil Məhəmmədzadədir. O, çox gənc yaşlarında böyük nüfuz qazanmış, eyni zamanda xalq maarif komissarının müavini, Ali Pedaqoji İnstitutun direktoru, "Maarif və mədəniyyət" jurnalının redaktoru, "Azərnəşr"in direktoru, teatr idarəsinin sədri kimi məsul vəzifələrdə fəaliyyət göstərmişdi. Lakin taleyi ona amansız davranıb, həyatının ən qaynar və ən məhsuldar çağında dünyasını dəyişib. Birbaşa repressiyaya məruz qalmasa da, ölümündən sonra onun adı uzun illər çəkilməmiş, zəngin və çoxşaxəli fəaliyyəti tədqiq olunmamış, nəticədə bu görkəmli ziyalı ictimai yaddaşdan kənarda qalmış, bəlkə də məqsədli şəkildə unudulmuşdu.

Şuşadan başlanan ömür yolu

Cəlil Məhəmməd oğlu Məhəmmədzadə (Sadıqov) 1888-ci ildə Şuşa şəhərində tacir ailəsində anadan olub. Yeddi yaşında məhəllə məktəbinə gedən Cəlil Məhəmmədzadə (bəzi mənbələrdə soyadı Məmmədzadə formasında da göstərilir) iki il ərzində burada oxu-yazı və hesab vərdişlərinə yiyələnmiş, daha sonra təhsilini Şuşa realni məktəbində davam etdirmişdi.

O, 1898-1904-cü illərdə Şuşa realni (edadi) məktəbində, 1904-1906-cı illərdə Gəncə gimnaziyasında, 1 oktyabr 1906-cı ildən 30 iyun 1909-cu ilədək isə Kiyev şəhərində Vyaçeslav Pyotrun özəl gimnaziyasında təhsil almışdı.

Cəlil Məhəmmədzadə sonralar tərcümeyi-halında bu illəri belə xatırlayırdı: "Realni məktəbin 5-ci sinfində oxuyana qədər dini biliklərim çox az idi, təsərrüfatla bağlı isə yalnız müəyyən bacarıqlarım vardı. 5-ci sinifdə oxuyarkən özünütəhsillə məşğul olmağa başladım. Məqsədim Gəncə gimnaziyasında təhsil almaq idi. İki il Gəncə gimnaziyasında oxuduqdan sonra Kiyev gimnaziyasına köçürüldüm. Həmin illərdə ailəmizin maddi vəziyyəti kəskin şəkildə pisləşmişdi. Gimnaziyada oxuduğum üç il ərzində ailəm mənə maddi kömək göstərə bilmədi. Bu səbəbdən müstəqil yaşamağa və işləməyə başladım".

VIII sinfi bitirməsi haqqında verilmiş attestatda "fəlsəfə propedevtikası" fənnindən "5", cəbrdən "3", digər fənlərdən isə "4" qiymət aldığı göstərilir. Həmin dövrdə ailənin bütün maddi və mənəvi çətinlikləri əsasən Cəlilin üzərinə düşmüşdü. Həyat yoldaşının, kiçik qardaşının, eləcə də atasının Kiyevə - onun yanına göndərdiyi qohumlarının qayğısına qalmaq da məhz ona həvalə olunmuşdu.

Doğma və uzaq Kiyev

Həmin dövrdə Kiyev şəhəri Azərbaycandan coğrafi baxımdan xeyli uzaqda olsa da, ziyalı gənclər üçün bir o qədər də doğma və yaxın idi. Şəhərdə müsəlmanlara qarşı xüsusi hüsn-rəğbət mövcud idi. XX əsrin əvvəllərində Kiyevdə 17 yaşından 29 yaşınadək təqribən 200 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alırdı.

Kiyev gimnaziyasını bitirən Cəlil Məhəmmədzadə 1909-1910-cu illərdə Müqəddəs Vladimir Universitetinin Tibb fakültəsində təhsil almışdı. Lakin 1910-cu ildə o, Kiyev Politexnik İnstitutunun Kimya fakültəsinə köçürülmüş və özünün də qeyd etdiyi kimi, burada mühəndis-texnoloq ixtisasına yiyələnmişdi.

Kiyevdə yaşadığı illərdə Cəlil Məhəmmədzadə ictimai-siyasi fəallığı ilə seçilib. O, "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub. Təşkilatın qarşısında iki əsas məqsəd dayanırdı: tələbələr arasında qarşılıqlı yardımın təşkili və müsəlman tələbələrinin mədəni səviyyəsinin yüksəldilməsi.

Bu təşkilatda onunla birlikdə Möhsün İsrafilbəyov (Qədirli), Hüseyn bəy Axundov, Mustafa Quliyev kimi ziyalı gənclər də səmərəli fəaliyyət göstərmişlər. 1917-ci il Fevral burjua inqilabından sonra təşkilat ideoloji baxımdan iki istiqamətə bölünmüşdü: birinci qrup bolşevizmi dəstəkləyənlərdən, ikinci qrup isə millətlərin öz müqəddəratını təyin etməsi ideyasını müdafiə edənlərdən ibarət idi.

Cəlil Məhəmmədzadə ikinci mövqedə dayanmış, "Müsavat" partiyasının ideyalarını dəstəkləmiş, "bərabərlik, qardaşlıq və sülh" şüarı altında siyasi fəaliyyət göstərmişdi. O, Y.V.Çəmənzəminlinin sədri olduğu Türk Ədəmi-Mərkəziyyət Firqəsi "Müsavat"ın fəal üzvlərindən biri olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəlil Məhəmmədzadə Azərbaycan hökumətinin Ukraynada rəsmi nümayəndəsi kimi fəaliyyət göstərib. 1920-ci ildə isə Kiyev şəhərində Persiya konsulluğunda katib vəzifəsində çalışıb.

Yeni hakimiyyətlə əməkdaşlıq

1920-ci ildə Moskvada tələbə yoldaşı Möhsün İsrafilbəyov (Qədirli) ilə görüşü Cəlil Məhəmmədzadənin bolşevizm ideyalarına meyl göstərməsində müəyyən rol oynayıb. Həmin dövrdə Möhsün Qədirli Azərbaycan Xalq Hərbi Dəniz İşləri Komissarlığının siyasi idarəsinin rəisi vəzifəsində çalışırdı. Cəlil Məhəmmədzadə bu ideyaları ürəkdən qəbul etməsə də, 1920-ci ilin iyulunda Bakıya gələrək yeni sovet hakimiyyəti ilə əməkdaşlığa başlamışdı. Müsavatçı keçmişini gizlətmək məqsədilə "Sadıqov" soyadından imtina edərək "Məhəmmədzadə" soyadını qəbul etmişdi.

O, 1920-ci ilin iyunundan dekabrınadək Azərbaycan SSR Siyasi İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda partiya kurslarında mühazirəçi kimi çıxış edərək 120 nəfərin siyasi hazırlıq keçməsində mühüm rol oynayıb. Rus və Ukrayna dillərini mükəmməl bilən Cəlil Məhəmmədzadə partiya-siyasi kurslarda inqilabi hərəkatın tarixi və siyasi iqtisadın əsasları üzrə mühazirələr oxuyub.

İctimai-siyasi fəallığı ilə seçilən Cəlil Məhəmmədzadə 17 iyul 1920-ci ildə bolşevik partiyası sıralarına qəbul edilib. O, 5 dekabr 1920-ci ildən 5 noyabr 1921-ci ilədək xalq ictimai təminat komissarının şəxsi katibi vəzifəsində çalışıb. 1921-ci ilin fevral ayında Rusiya ilə ictimai təminat sahəsində əlaqələri genişləndirmək məqsədilə Moskvaya, oradan isə ailəsini Bakıya gətirmək üçün Kiyevə ezam olunub. Anasının Kiyevdə xəstələnməsi səbəbindən üç ay müddətində orada qalmalı olub.

Kiyevdə olduğu müddətdə də siyasi fəaliyyətdən uzaq qalmamış, əksinə, bu istiqamətdəki fəaliyyətini daha da genişləndirmişdi. 1923-cü ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Bakı şöbəsi katibinin müavini vəzifəsinə təyin edilmiş, az sonra isə Xalq Komissarları Sovetinin İşlər İdarəsində fəaliyyətini davam etdirmişdi.

Nazir müavini, direktor və "Maarif və mədəniyyət" jurnalının redaktoru

1923-1928-ci illər Cəlil Məhəmmədzadənin həyat və fəaliyyətinin ən məhsuldar dövrüdür. 1923-cü ilin dekabrında o, Azərbaycan Xalq Maarif Komissarının müavini təyin olunub və 1928-ci ilədək bu vəzifəni icra edib. Həmin vaxt Xalq Maarif Komissarı onunla birlikdə Kiyevdə təhsil almış Mustafa Quliyev idi (o, Kiyev Müqəddəs Vladimir Universitetində oxumuşdu). XMK-nın müavini olarkən bir müddət incəsənət və məktəblər idarəsinə, daha sonra isə teatr idarəsinə rəhbərlik edib.

"Vesğ Azerbaydjan" (1924) ünvan və sorğu kitabında Azərbaycan Xalq Maarif Komissarlığının strukturu haqqında verilən məlumatda yazılır:

Xalq Maarif Komissarı - M.Quliyev

Xalq Maarif Komissarının müavini - C.Məhəmmədzadə

XMK Kollegiyası: Sədr - M.Quliyev;

Üzvlər - C.Məhəmmədzadə, M.Şahbazov, B.Bünyatov, Ə.Pepinov, S.Blyaxun, Manuçyan

Kollegiya katibi - O.A.Cəlalbəyov

İşlər idarəsi - M.Əhmədov

Azərbaycan Dövlət Universitetinə V.İ.Leninin adının verilməsi haqqında Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 23 yanvar 1924-cü il tarixli növbədənkənar iclasının protokolu Xalq Maarif Komissarının müavini kimi Cəlil Məhəmmədzadə və Kollegiyanın katibi O. Cəlalbəyov tərəfindən imzalanıb.

1924-1926-cı illərdə o, həmçinin ölkədə maarif və mədəniyyətin inkişafı, mədəni inqilabın həyata keçirilməsi, savadsızlığın ləğvi sahəsində mühüm rol oynayan "Maarif və mədəniyyət" jurnalının məsul katibi (redaktoru) kimi fəaliyyət göstərib. Onun redaktorluğu dövründə prof. Fridolin və Ə Pepinov redaksiya heyətinin üzvləri, Hacınski isə katib olub. Jurnalın 1924-cü ildə 12, 1925-ci ildə 8 və 1926-cı ildə 12 nömrəsi onun redaktorluğu ilə nəşr olunub.

Bu illərdə C.Məhəmmədzadə eyni zamanda "Azərnəşr"in direktoru, həmçinin Teatr idarəsinin sədri vəzifələrini də icra edib. 1926-cı ildə isə o, daha bir məsul vəzifəyə - Ali Pedaqoji İnstituta direktor (rektor) təyin olunub. İnstitut ADU-ya birləşdiriləndə 1928-ci ilə kimi yeni təşkil edilmiş Pedaqoji fakültəyə rəhbərlik edib.

Ali Pedaqoji İnstitutun 5 illik yubileyinin təşkilatçısı

Ş.Ə.Manatovdan sonra Azərbaycan Dövlət Universitetinin tərkibinə daxil edilənə kimi Ali Pedaqoji İnstituta Cəlil Məhəmmədzadə rəhbərlik edib. Onun direktorluğu dövründə pedaqoji ictimaiyyətin iştirakı ilə Ali Pedaqoji İnstitutun ilk yubileyi keçirilmiş, bu münasibətlə "Azərbaycan Ali Pedaqoji İnstitutu (Beş illik və üçüncü buraxılış münasibətilə)" adlı kitab 1926-cı ildə nəşr olunmuşdu. Nəşr institutun direktoru Cəlil Məhəmmədzadənin "Tədris və tərbiyə - 5 il" məqaləsi ilə açılır. Məqalədə APİ-nin beş illik fəaliyyətinə dair qısa icmal verilir, ikinci dərəcəli məktəblər, pedaqoji məktəblər, peşə və sənaye məktəbləri üçün ali təhsilli müəllim hazırlamaq məqsədilə yaradılan institutun gələcəkdə universitetə çevriləcəyi qeyd olunur, həmçinin ixtisaslar, tədris laboratoriyaları, fənn kabinələri, kitabxana və 162 nəfərlik tələbə kontingenti haqqında məlumat təqdim edilir. Cəlil Məhəmmədzadənin Ali Pedaqoji İnstitutun fəaliyyətinə dair geniş məqaləsi "Mədəniyyət və maarif" jurnalının 1926-cı ilin 5-6-cı sayında dərc olunmuş, burada institut əməkdaşlarının şəkilləri də verilmişdi. Çoxşaxəli ictimai-siyasi və pedaqoji fəaliyyəti ilə seçilən C.Məhəmmədzadə 1920-ci illərdə Azərbaycanda mədəni həyatın inkişafında mühüm rol oynamış, milli ziyalıların öncüllərindən biri olmuşdu. Həmin illərdə teatr idarəsinin sədri kimi o, fəhlə-kəndli teatrının yubileyi münasibətilə "İşçi-kəndli teatrosunun yubileyi" adlı məqalə yazaraq "Maarif və mədəniyyət" jurnalının 1926-cı il 4-cü sayında dərc etdirmişdi.

1929-1932-ci illərdə Cəlil Məhəmmədzadə Gəncə dairə partiya komitəsində təşkilat şöbəsinin müdiri kimi şəhərdə aparılan tikinti və yenidənqurma işlərinə rəhbərlik etmiş, sonralar isə Azərbaycan K(b)P MK-nın sosial-mədəni qrupunun rəhbəri olmuşdu.

Latın əlifbası uğrunda mübarizə

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində Yeni Əlifba Komitəsi yaradılmışdır. Komitənin əsas məqsədi dilin, yazı və oxu sisteminin sadələşdirilməsi istiqamətində aparılan islahatları təşkil etmək, eləcə də ərəb qrafikasının latın əlifbası ilə əvəz olunması prosesini elmi-metodik əsaslara uyğun şəkildə tənzimləyib həyata keçirmək idi.

Azərbaycan əlifbasının latın qrafikasına keçirilməsi uğrunda mübarizə hərəkatı formalaşdığı ilk mərhələlərdən etibarən Cəlil Məhəmmədzadə bu prosesin fəal iştirakçılarından biri olub, latın əlifbasının Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə, ahəng qanunlarına və tələffüz normalarına uyğunlaşdırılması ilə bağlı aparılan müzakirələrdə fəallıq göstərib.

Cəlil Məhəmmədzadə 1925-ci il mayın 25-də keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında Xalq Maarif Komissarının müavini kimi çıxış edərək məktəblərdə artıq yeni latın əlifbasına keçməyin zəruri olduğunu əsaslandırıb və qurultayın bütün nümayəndələrini bu mühüm islahatı həyata keçirmək üçün fəal əməkdaşlığa çağırıb.

Türkoloji Qurultayın təşkilatçılarından biri

Bəllidir ki, I Bakı Ümumiitifaq Türkoloji Qurultayı 1926-cı il fevralın 26-dan martın 6-dək davam etmişdi. Türkoloji Qurultayın ilk günündə partiya fraksiyasının iclası keçirilmişdi. İclasda 35 nəfərin çıxışı nəzərdə tutulsa da, yalnız 22 nəfər məruzə edib. Xalq Maarif Komissarının müavini olan Cəlil Məhəmmədzadə qurultayda həm də Azərbaycanı Tədqiqi və Tətəbbö Cəmiyyətini təmsil etmişdi.

Təşkilat komitəsinin iclasındakı çıxışında latın əlifbasının əhəmiyyətindən bəhs etmiş, ərəb əlifbasının texniki çətinliklərini əsaslandırmış, tatar və özbək nümayəndələrinin əlifba ilə bağlı fikirlərinə münasibət bildirmişdi.

Müzakirə zamanı Cəlil Məhəmmədzadə fəallığı, elmi arqumentasiyalı çıxışları ilə diqqəti cəlb edir. Sədr tərəfindən stenoqramın yazılması məqsədilə çıxışçıların əlində olan materialların toplanması da ona həvalə edilir. Yeni latın əlifbası ilə bağlı qızğın müzakirədən sonra söz Rusiya Federasiyasının Şərqşünaslıq Assosiasiyasını təmsil edən yəhudi Mixail Pavloviç Veltmana verilir. Yeni əlifbaya keçməyi o qədər də rəğbətlə qarşılamayan türk xalqlarının nümayəndələrini kəskin tənqid edərək deyir: "Yoldaş Məhəmmədzadəyə müraciət edin, o, sizə türkoloji qurultayın əhəmiyyəti və məqsədləri barədə üç saat danışa bilər, amma qurultaydan "bilmirəm" deyərək qayıtmayın".

Cəlil Məhəmmədzadənin qurultayın təşkilat komitəsində təmsil olunması, mandat komissiyasına seçilməsi, müzakirələrdə fəal iştirakı onun elmi-siyasi nüfuzunun göstəricisidir.

Digər iki fakta diqqət yetirək. Birinci Türkoloji Qurultayın 28 fevral 1926-cı ildə keçirilən 5-ci iclasında Nəvainin 500 illik yubileyinin keçirilməsi üzrə yaradılan komissiyaya İnqamov, Baytursun, Rəhimov, Çobanzadə, Qabibov və Lemanov ilə yanaşı Cəlil Məhəmmədzadənin daxil edilməsi, 6 mart 1926-cı ildə keçirilən 17-ci iclasda isə Özbəkistanın Xivə şəhərindən gələn türkoloq Ş.Rahimi tərəfindən 131 qurultay iştirakçısından Səmədağa Ağamalıoğlu, Mustafa Quliyev, Həbib Cəbiyev və Qəzənfər Musabəyovla birlikdə Cəlil Məhəmmədzadəyə özbək xalatının təqdim olunması onun ictimai-siyasi fəaliyyətinin və türk respublikalarında yüksək nüfuza malik olmasının göstəricisi hesab edilə bilər.

Qurultayda məhz o, mandat komissiyasının sədri kimi 131 nəfər iştirakçı barədə məlumat vermişdi. Qurultayın işində fəal iştirak edən Cəlil Məhəmmədzadə qəbul edilən qətnamələrin redaktəsi məqsədilə yaradılmış 26 nəfərlik komissiyanın üzvlərindən biri olmuşdu. O, latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap-nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması, terminologiyadan istifadə qaydaları və ortaq türkcənin yaradılması kimi mühüm məsələlərin müzakirəsində də fəal iştirak edib. Bu məqsədlə yaradılmış 5 nəfərlik xüsusi komissiyanın da üzvü olub.

Türkoloji Qurultayın 3 mart səhər iclasında Cəlil Məhəmmədzadə yeni türk əlifbası məsələsi ilə bağlı geniş məruzə etmişdi.

I Türkoloji Qurultayda çıxış: əlifba məsələsi

Ağamalıoğlunun sədrliyi ilə keçirilən iclasda professor Jirkovdan sonra Azərbaycan dilində çıxış edən Cəlil Məhəmmədzadə məruzəsinin əsas məqamlarını rus dilində də iştirakçıların diqqətinə çatdırıb. O, çıxışını əlifba məsələsi üzərində quraraq deyib: "Qurultayımız qarşısında bir əsas məsələ - əlifba məsələsi durur. Terminologiya, orfoqrafiya və ibtidai məktəblərimizdə tədris üsullarının əsas əməli məsələlərinin həlli də bundan asılıdır".

Sonra o, ərəb əlifbasının genezisindən, yayılmasından, türk-tatar xalqlarının bu əlifbanı qəbul etməsindən bəhs etmişdi. Əsaslandırmışdı ki, ərəb əlifbası türk-tatar xalqlarının tələblərinə cavab vermədiyindən onun təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər heç bir real nəticə verməyəcək. Ərəb hərflərinin sözün əvvəlində, ortasında, sonunda və ayrılıqda fərqli şəkildə yazılması, sağdan sola yazı qaydası tədrisdə və yazıda ciddi çətinliklər yaradır. Histologiya, riyaziyyat və tibb üzrə dərsliklərin nəşrində saysız-hesabsız problemlər ortaya çıxır. Türk-tatar dillərində mövcud olan "o", "u", "i" səslərinin ərəb əlifbasında qarşılığının olmaması xüsusilə çətindir. Misal kimi qeyd etmişdir ki, ərəb dilində "cümə axşamı" sözünü yazmaq üçün düz on nöqtə qoyulmalıdır və nöqtələrdən biri yanlış yerləşdirilsə, söz "çərşənbə" kimi oxunacaq.

Cəlil Məhəmmədzadənin məruzəsində əlifba sadəcə yazı sistemi kimi deyil, türk xalqlarının kütləvi savadlanması, mədəni inkişafı, elmi tərəqqisi və sosial azadlığı üçün həlledici amil kimi təqdim olunur. Məruzədə tarixi baxımdan ərəb əlifbasının türk xalqlarına yad olduğu və tarixi-siyasi məcburiyyət nəticəsində qəbul edildiyi göstərilir, fonetik cəhətdən isə bu əlifbanın türk dillərinin səs sisteminə uyğun gəlmədiyi, xüsusilə saitlərin azlığı və sətirüstü-sətiraltı işarələrin oxunu çətinləşdirdiyi vurğulanır. Qeyd olunur ki, "islah olunmuş" ərəb əlifbası da bu problemləri aradan qaldırmır, ərəb qrafikası uşağın yaş və idrak səviyyəsinə uyğun olmayan, mexaniki əzbərləməyə əsaslanan mürəkkəb sistem yaradır, eyni zamanda müasir elmin, dəqiq fənlərin, musiqi və beynəlxalq terminologiyanın tələblərinə cavab vermədiyi üçün milli elmi mühitin formalaşmasına mane olur. Bütün bunların fonunda latın əsaslı yeni türk əlifbası dilin fonetik quruluşuna tam uyğun, sadə, aydın, geniş kütlələr üçün əlçatan, savadsızlığın aradan qaldırılmasında real nəticələr verən və xalqın gələcəyini müəyyən edən strateji və tarixi seçim kimi təqdim edilir.

Əhməd Cavadın "Göygöl" şeiri və Cəlil Məhəmmədzadənin həbs təhlükəsi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan materiallardan məlum olur ki, AK(b)P Nəzarət Komissiyasının 24 mart 1926-cı il tarixli iclasında Cəlil Məhəmmədzadənin "Maarif və mədəniyyət" jurnalında Əhməd Cavadın "Göygöl" şeirinin dərcinə görə məsuliyyəti məsələsi müzakirə edilmişdi. İclasın 21 saylı protokoluna əsasən, bu məsələ əvvəlcə Azərbaycan K(b)P MK katibliyinin 13 dekabr 1925-ci il tarixli iclasında baxıldıqdan sonra müvafiq materiallar xüsusi şifrə ilə Nəzarət Komissiyasına göndərilmişdi. Cəlil Məhəmmədzadə yoxlama komissiyasına təqdim etdiyi izahatda şeirin redaksiyada iki dəfə oxunaraq müzakirə edildiyini, Əhməd Cavadın əsəri Gəncə ətrafında yerləşən və təbiəti ilə seçilən Göygöl ərazisində istirahət zamanı yazdığını, mətnin yalnız Göygölün gözəlliyinə həsr olunduğunu və bu səbəbdən çapına razılıq verdiyini bildirmişdi. Nəzarət Komissiyası "Maarif və mədəniyyət" jurnalının 1925-ci il 2 (22)-ci sayında dərc olunmuş "Göygöl" şeirini diqqətlə araşdıraraq əsərdə antisovet məzmun aşkar etmədiyinə görə işin bağlanması və arxivə verilməsi barədə qərar qəbul edir, bununla da Cəlil Məhəmmədzadə həbs olunmaq təhlükəsindən xilas olur.

Onu repressiyadan xilas edən yeganə qüvvə: ölüm!

Cəlil Məhəmmədzadə 1932-ci ilin yanvarından ömrünün sonuna qədər Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri vəzifəsində çalışmışdı. Geniş ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyəti ilə seçilən C.Məhəmmədzadə 1922-1924-cü illərdə Azərbaycan K(b)P Şəhər Komitəsinin üzvü, 1923-1928-ci illərdə Bakı Şurasının üzvü, 1932-ci ildən isə Azərbaycan K(b)P MK Plenumu və Prezidiumunun, Azərbaycan Sovet Şuralar Cəmiyyətinin Xalq Komissarları Şurasının, habelə Xalq Maarif Komissarlığı Kollegiyasının üzvü olmuşdu.

Azərbaycan KP MK-nın üzvlüyünə namizədliyi ilə bağlı tərtib olunmuş xasiyyətnamədə onun sovetləşmənin fəal tərəfdarı olduğu, sovet hakimiyyəti qurulduqdan sonra Moskvadan Bakıya gələrək partiya sıralarına daxil olduğu, partiya işində vicdanla çalışdığı və özünü kommunistlərin sadiq tərəfdarı kimi göstərdiyi qeyd edilirdi. Bununla belə, faktlar göstərir ki, Cəlil Məhəmmədzadə hələ Kiyevdə təhsil aldığı illərdə bolşevik əqidəli tələbə yoldaşlarından ayrılaraq müsavatçı ideyaları dəstəkləmiş, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə bolşevik dostlarının təkidi ilə Bakıya gələrək bolşeviklər partiyasına daxil olmuşdu; onun müsavatçı mövqeyini əks etdirən, öz əli ilə yazdığı tərcümeyi-hal bu günədək qorunub saxlanılır. Digər tərəfdən, yaxın dostları olan Dadaş Bünyadzadə, Mustafa Quliyev və Möhsün İsrafilbəyov repressiya maşını tərəfindən məhv edilmiş, bu təhlükə Cəlil Məhəmmədzadənin özünü də daim təqib etmişdi.

Onu repressiya və sürgün taleyindən yalnız vaxtsız ölüm xilas edə bilib: uzun sürən xəstəlikdən sonra o, 7 iyun 1934-cü ildə, 46 yaşında Bakı şəhərində vəfat edib.

Ölümü ilə bağlı "Kommunist" qəzetində Azərbaycan K(b)P MK və Bakı Komitəsinin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan Sovet Şuralar Cəmiyyəti Xalq Komissarları Şurasının, Şura Kontrolu Komissiyasının, Xalq Maarif Komissarlığının, Həmkarlar İttifaqları Şurasının, Maarif İşçiləri İttifaqının, Xalq Səhiyyə Komissarlığının, eləcə də qəzet redaksiyası və əməkdaşlarının başsağlığı elanları və nekroloq dərc edilib. Cəlil Məhəmmədzadənin dəfninin təşkili üçün xüsusi komissiya yaradılmış, 8 iyun 1934-cü ildə onunla vida mərasimi 26 Bakı Komissarı adına Sarayda keçirilmiş və həmin gün saat 16:00-da dəfn olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr