Aidiyyəti qurumların əməkdaşları ilə birgə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və zəruri texnikalar mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimi çərçivəsində səfərbər olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Agentlikdən qeyd edilib ki, əlverişsiz havanın yaratdığı fəsadların operativ şəkildə aradan qaldırılması məqsədilə bütün resurslar cəlb edilib, yol infrastrukturu üzrə fasiləsiz nəzarət və müdaxilə tədbirləri həyata keçirilir:
"Hazırda yağıntılar nəticəsində yolların hərəkət hissəsinə dolmuş yağış sularının kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır. Xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi, drenaj və suötürücü xətlərin təmizlənməsi təmin olunur, yol hərəkətinin təhlükəsiz və fasiləsiz təşkili üçün zəruri tədbirlər görülür".
Qurumdan əlavə edilib ki, sürücülərin təhlükəsizliyinin qorunması məqsədilə ərazilərdə monitorinqlər davam etdirilir, riskli sahələrdə əlavə nəzarət tədbirləri gücləndirilir. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və hava şəraitinin yaratdığı çətinliklərin minimuma endirilməsi üçün koordinasiyalı fəaliyyət davam etdirilir.