AZ

Avtobuslar bu yoldan imtina etdi: Sabunçuda nəqliyyat iflic oldu - FOTO, VİDEO

Sabunçu rayonu, Yavər Əliyev küçəsindən Nizami rayonu istiqamətində yerləşən problemli yol sahəsində vəziyyət növbəti dəfə kritik həddə çatıb. Bu məsələ ilk dəfə deyil gündəmə gəlir.

Musavat.com hələ 2025-ci ilin noyabrından başlayaraq sözügedən ərazidə yaranan biabırçı durumu dəfələrlə işıqlandırıb.

Söhbət bir neçə yolun kəsişdiyi, nəqliyyat baxımından strateji əhəmiyyət daşıyan nöqtədən gedir. Lakin bu mühüm ərazi aylarla davam edən laqeydlik nəticəsində faktiki olaraq istifadəyə yararsız hala düşüb. Yağış suları uzun müddətdir çəkilmir, ərazi bataqlığa çevrilib və bu, artıq sürücülər və sərnişinlər üçün real təhlükə mənbəyidir.

Musavat.com əməkdaşı olaraq, yenidən ərazidə olduq.

Vəziyyət əvvəlkindən də ağır idi. Aradan aylar keçməsinə baxmayaraq, nəinki problem həll olunub, əksinə, vəziyyət daha da kəskinləşib. Küçə çirkab və yağış sularının içində boğulur, ətrafda açıq-aşkar antisanitariya hökm sürür. Yol örtüyü tamamilə sıradan çıxıb, nəqliyyat vasitələri yolda batır, ictimai nəqliyyat isə demək olar ki, iflic vəziyyətə düşüb.

Avtobus sürücüləri bildirirlər ki, artıq 4 aya yaxındır bu istiqamətdən istifadə etmirlər. Onların sözlərinə görə, yol sadəcə, narahatlıq yaratmır – birbaşa həyati risk daşıyır. Xüsusilə sərnişin sayı çox olduqda avtobusun aşma ehtimalı ciddi təhlükə yaradır. Nəticədə sərnişinlər də məcbur qalıb yarıyolda düşür, bu isə həm təhlükəsizlik, həm də xidmət baxımından qəbuledilməz vəziyyət yaradır.

Ən narahatedici məqam isə problemin yeniliyi deyil, aidiyyəti qurumların bu vəziyyətdən çoxdan xəbərdar olmasıdır. Sosial şəbəkələrdə yayılan görüntülər, mediada dərc olunan materiallar, sakinlərin və sürücülərin çoxsaylı müraciətləri aylar əvvəl bu problemin miqyasını açıq şəkildə ortaya qoymuşdu. Buna baxmayaraq, nə effektiv drenaj sistemi qurulub, nə də yol infrastrukturu bərpa edilib.

Mövcud vəziyyət göstərir ki, kanalizasiya sistemi ya düzgün layihələndirilməyib, ya da ümumiyyətlə, funksional deyil. Yağış suları kanalizasiya xətlərinə axmaq əvəzinə geri qayıdır, bu isə problemin daha da dərinləşməsinə səbəb olur.

İndiki mənzərə təkcə bir küçənin problemi deyil. Bu, məsul qurumların sistemli səhlənkarlığının, vətəndaş müraciətlərinə biganə yanaşılmasının və şəhər təsərrüfatına nəzarətsizliyin açıq göstəricisidir. Paytaxtın bir hissəsində aylarla davam edən bu biabırçı vəziyyət nəinki şəhərin imicinə zərbə vurur, eyni zamanda, insanların gündəlik həyatını və təhlükəsizliyini birbaşa təhdid edir.

Musavat.com həmin görüntüləri təqdim edir.

Afaq Mirayiq
Foto-video müəllifindir
Musavat.com

Seçilən
9
34
musavat.com

10Mənbələr