AZ

BMT-dən İran müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 45 milyon insan...

İrandakı müharibə və ümumilikdə Yaxın Şərqdəki gərginlik nəticəsində tədarük zəncirlərinin pozulması və nəqliyyat marşrutlarının dəyişməsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 45 milyon nəfər arta bilər.

Musavat.com xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) tədarük zənciri üzrə direktoru Korinn Fleyşer xəbərdarlıq edib.

Fleyşer izah edib ki, təşkilatın gəmilərinin humanitar prioritetlə istifadə etdiyi Hörmüz boğazında risklərin artması və sığorta xərclərinin kəskin yüksəlməsi səbəbindən marşrutları dəyişmək məcburiyyəti yaranıb.

"Mövcud vəziyyət təkcə region ölkələrinə deyil, qlobal miqyasda ciddi təsir göstərir", - deyə o, "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

ÜƏP rəsmisi hazırda 16 milyon insanın humanitar yardıma ehtiyac duyduğu Əfqanıstana yükdaşıma prosesini nümunə gətirib. O bildirib ki, Əfqanıstanla yaşanan münaqişə səbəbindən Pakistan marşrutu qapalıdır, Süveyş kanalı isə təhlükəsiz deyil. Nəticədə humanitar yükləri çatdırmaq üçün bütün Afrika qitəsini dövrə vurmaq, Cəbəllüttariq boğazı və Aralıq dənizindən keçərək Türkiyə, Türkmənistan və Azərbaycan vasitəsilə mənzil başına çatmaq lazım gəlir.

"Tədarük zəncirləri üçün yaranan bu qısamüddətli çətinliklərdən əlavə, daha uzaq perspektivdə dünyada kəskin aclıqla üzləşən insanların sayı daha 45 milyon nəfər çoxala bilər", - deyə Korinn Fleyşer vurğulayıb.

Musavat.com

 

Seçilən
16
1
musavat.com

2Mənbələr