Ermənistanda parlament rəhbərliyinin davranışı ilə bağlı qalmaqal böyüyür.
Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan spiker Alen Simonyanın qalmaqallı davranışını müdafiə edib.
O, keçirdiyi brifinqdə bildirib ki, Simonyanın küçədə söyüşə söyüşlə cavab verməsində “qeyri-adi heç nə yoxdur”.
“Hər kəs gördü ki, nə baş verdi və niyə baş verdi”, – deyə Rubinyan deyib.
Onun sözlərinə görə, spiker təxribatla üzləşib. Jurnalistlər isə əksinə, Alen Simonyanın etirazçılara qarşı sərt davranaraq vəziyyəti gərginləşdirdiyini qeyd ediblər. Rubinyan buna cavab olaraq “bu, təsvir olunan hadisəyə aid deyil” deyə bildirib və jurnalistləri tənqid edib.
Xatırladaq ki, dünən parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı Alen Simonyan itkin düşmüş şəxslərin yaxınları ilə mübahisə edib və onlardan birinə qarşı qeyri-etik ifadələr işlədib. Hadisə zamanı tərəflər arasında qarşılıqlı təhqirlər səsləndirilib, daha sonra isə 2 nəfər polis tərəfindən saxlanılıb.
Simonyan açıqlamasında bildirib ki, onu təhqir edənlərə eyni şəkildə cavab verir. Bununla belə, qeyd olunur ki, bu cür davranış hakim partiyanın bir neçə ay əvvəl qəbul etdiyi etik kodeksə zidd hesab olunur.
Musavat.com