AZ

Günah və travma?: “Dirildilən” ölülərin şok populyarlığı – Təhlükəli TREND

Son dövrlər sosial şəbəkələrdə süni intellekt vasitəsilə mərhum insanların fotoşəkillərinin “canlandırılması” və onların adından videoların hazırlanması ciddi müzakirələrə yol açıb.

Bu texnoloji imkan bəziləri üçün təsəlli mənbəyi kimi görünsə də, əksər hallarda mərhumun xatirəsinə hörmətsizlik, yaxınlarının hissləri ilə oynamaq və maddi qazanc aləti kimi qiymətləndirilir. Xüsusilə tanınmış şəxslərin, o cümlədən mərhum aktrisa Tünzalə Əliyevanın simasından istifadə edilərək hazırlanan bu cür kontentlər cəmiyyətdə birmənalı qarşılanmır. Bu məsələ həm psixoloji sarsıntılara, həm də dini-etik normaların pozulmasına səbəb olur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Nərmin Ağayeva bildirib ki, bu cür videolar insanların yas prosesinə ciddi zərbə vurur:

“Yaxınını itirmiş şəxs üçün yas dövrü itkini qəbul etmək və onunla vidalaşmaq mərhələsidir. Lakin süni intellektlə yaradılan ‘canlı’ görüntülər insanın beynində reallıqla xəyal arasındakı sərhədi pozur. İnsan şüuraltı olaraq həmin şəxsin hələ də burada olduğu illüziyasına qapılır ki, bu da travmanın sağalmasını ləngidir. Xüsusilə mərhumun yaxınları üçün bu görüntülər anlıq bir sevinc gətirsə də, ardınca daha dərin bir boşluq və psixoloji gərginlik yaradır. Bu, sanki yaranı hər dəfə yenidən qanatmaqdır. İnsanların hisslərindən istifadə edərək reytinq və ya pul qazanmaq cəhdləri isə cəmiyyətdə empatiya hissinin aşınmasına işarə edir”.

Məsələni saytımıza dini tərəfdən şərh edən ilahiyyatçı Ağa Hacıbəyli isə vurğulayıb ki, İslam dinində insanın toxunulmazlığı yalnız sağlığında deyil, ölümündən sonra da qorunur:

“İslam dininə görə, mərhumun xatirəsi müqəddəsdir və ona hörmətlə yanaşılmalıdır. İnsanın dünyasını dəyişdikdən sonra onun cizgiləri, səsi və obrazı üzərində müdaxilə etmək, onu sanki qəbirdən danışırmış kimi təqdim etmək qətiyyən yolverilməzdir. Bu, həm mərhumun ruhuna hörmətsizlikdir, həm də ailəsinin mənəvi haqqına təcavüzdür.

Qeyb aləminə aid olan bir məsələni — ölümü və dirilməni texnoloji oyuncağa çevirmək bəşəri dəyərlərə ziddir. Dinimiz buyurur ki, ölən şəxsi ancaq xeyirlə yad etmək və onun üçün dualar oxumaq lazımdır. Onu qeyri-etik videoların subyektinə çevirib, bundan maddi maraq güdmək isə ağır mənəvi məsuliyyət daşıyır”.

Tunar
NOCOMMENT.az

Seçilən
34
nocomment.az

1Mənbələr