AZ

Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti

Elm cəmiyyətin tərəqqisinin əsas meyarlarından biri olmaqla hər bir ölkənin ümumi inkişaf səviyyəsinin başlıca göstəricilərindən hesab olunur. Bu baxımdan, elmin və təhsilin prioritet istiqamət kimi müəyyənləşdirilməsi inkişaf etmiş dövlətlərin strateji hədəfləri sırasında xüsusi yer tutur.

Azərbaycanda Elm Gününün qeyd olunması alimlərin və tədqiqatçıların fəaliyyətinə diqqətin artırılması, elmi nailiyyətlərin dəyərləndirilməsi, yeni nəsil tədqiqatçıların formalaşdırılması, elmi maarifləndirmənin gücləndirilməsi və bu sahədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar gün həm də akademik və ali təhsil müəssisələrində aparılan elmi fəaliyyətin cəmiyyət qarşısında hesabatı kimi çıxış edir.

Azərbaycan Respublikasında 27 mart tarixinin “Elm Günü” kimi təsis edilməsi dövlətin elmə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamına əsasən təsis olunan bu günün məhz 27 martda qeyd edilməsi 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması ilə bağlıdır. Bu qərar ölkə rəhbərliyinin elmə və alim əməyinə verdiyi yüksək dəyərin ifadəsidir.

Dünyanın bir çox ölkələrində də elmə xüsusi diqqət göstərilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsinə uyğun olaraq 10 noyabr tarixi Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü kimi qeyd olunur. Bununla yanaşı, müxtəlif ölkələrdə milli elm günləri və həftələri keçirilərək elmin inkişafı təşviq edilir.

Azərbaycan Milli Elmlər Akademiyası 80 ildən artıq fəaliyyət müddəti ərzində ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında mühüm rol oynamışdır. Akademiya elmi potensialın formalaşdırılmasında, fundamental və tətbiqi elmlərin inkişafında, həmçinin elmi məktəblərin yaradılmasında əvəzsiz xidmətlər göstərmişdir.

Ümummilli lider Heydər Əliyevin Akademiyanı “Azərbaycan xalqının milli sərvəti” kimi dəyərləndirməsi bu elm ocağının cəmiyyət həyatındakı əhəmiyyətini bir daha təsdiqləyir. Məhz Akademiyanın fəaliyyəti nəticəsində milli ziyalı elitası formalaşmış, elmi və mədəni mühit inkişaf etmiş, dövlətçilik ideyaları möhkəmlənmişdir.

Bu gün Azərbaycan alimləri nüfuzlu beynəlxalq elmi bazalarda – “Web of Science” və “Scopus” platformalarında uğurla təmsil olunur, yüksək istinad göstəriciləri ilə ölkəmizin elmi nüfuzunu artırırlar. Dövlət tərəfindən yaradılan imkanlar gənc tədqiqatçıların beynəlxalq təcrübə qazanmasına və Azərbaycan elminin qlobal elmi mühitə inteqrasiyasına şərait yaradır.

Son illərdə həyata keçirilən institusional islahatlar da elmin inkişafına mühüm töhfə verməkdədir. 2022-ci ildə Elm və Təhsil Nazirliyinin yaradılması, onun tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması elmi fəaliyyətin idarə olunmasında yeni mərhələnin əsasını qoymuşdur. Bu islahatların nəticələri elmi nəticələrin kommersiyalaşdırılması və universitet–sənaye əməkdaşlığının genişlənməsi istiqamətində artıq özünü göstərməkdədir.

Elm Günü həm də əldə olunan nailiyyətlərin qiymətləndirildiyi və gələcək hədəflərin müəyyənləşdirildiyi bir mərhələdir. Azərbaycan dövləti elmə əsaslanan inkişaf modelini seçməklə dayanıqlı və rəqabətqabiliyyətli gələcəyin əsaslarını möhkəmləndirir.

Müasir dövrdə qlobal çağırışlar və ölkəmizin əldə etdiyi tarixi Zəfərdən sonra formalaşan yeni reallıqlar Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin icrasında Azərbaycan ziyalıları və elmi ictimaiyyət dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edir.

Dövlətin elmə göstərdiyi davamlı diqqət və həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycan elminin inkişafını daha da sürətləndirir. Mövcud elmi potensial və intellektual imkanlar sayəsində ölkəmizin elmi gələcəkdə də sosial-iqtisadi və mədəni inkişafda aparıcı rol oynayacaq, eyni zamanda dünya elminə öz layiqli töhfələrini verməyə davam edəcəkdir.

 

Anar Nazim oğlu Eminov

Mingəçevir Dövlət Universitetinin rektoru

 

Seçilən
30
2
azedu.az

3Mənbələr