Nyu-York şəhərində Venesuela prezidenti Nikolás Maduro və onun həyat yoldaşı Siliya Flores ilə bağlı iş üzrə məhkəmə iclası başa çatıb. Lakin əsas məhkəmə prosesinin başlanma tarixi hələ təyin olunmayıb.
İşə baxan hakim Elvin Hellerstayn bildirib ki, məhkəmə baxışının vaxtını daha sonra, uyğun hesab etdiyi anda müəyyən edəcək.
Maduro və Floresin vəkilləri isə işin bağlanmasını tələb edirlər. Onlar iddia edirlər ki, ABŞ hökuməti Venesuelaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən hüquqi xidmətlərin ödənişini bloklayır.
Məlumata görə, yanvarın 3-də ABŞ qüvvələri tərəfindən Maduro və həyat yoldaşı saxlanılaraq Nyu-Yorka gətirilib. ABŞ prezidenti Donald Tramp onların “narkoterrorizm” ittihamı ilə mühakimə olunacağını açıqlayıb.
Maduro və Flores məhkəmədə özlərini təqsirsiz hesab etdiklərini bildiriblər.