Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb. Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs hadisə yerindən qaçıb.
İnsidenti törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.
Saxlanılan şəxs - Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə-Türkan bağları adlanan ərazidə məskunlaşıb.