BAKI, TurkicWorld
"NomadMania" klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olublar.
TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, 37 ölkədən 79 nəfər səyyahdan ibarət heyət əvvəlcə şəhərin mərkəzi meydanına baş çəkib. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri – Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəyli-nin güllələnmiş heykəlləri ilə tanış olublar.
Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, otuz illik işğal müddətində şəhərdəki tarixi binalar, məscidlər və mədəni abidələr vandalizmə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra isə burada genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb, infrastruktur qurulub və şəhərin tarixi simasının bərpası istiqamətində mühüm addımlar atılıb.
Səfər çərçivəsində dünya səyyahları Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə də tanış olublar.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura dünyanın aparıcı səyyah klubları vasitəsilə 15 beynəlxalq səfər təşkil edilib. Bu səfər isə sayca 16-cıdır.