Birinci Liqada əmin addımlarla çempionluğa doğru irəliləyən “Şəfa”da tezliklə baş məşqçi dəyişikliyi olacaq.
İdman.Biz futbolxeber.az-a istinadən məlumat verir ki, komanda Premyer Liqaya vəsiqəni əldən verməsə, baş məşqçi postuna daha təcrübəli mütəxəssis cəlb olunacaq.
Bir müddətdir bu yöndə axtarışda olan “Şəfa” rəhbərliyi artıq istədiyi məşqçini tapıb. Belə ki, komandanı yeni mövsümdən Aftandil Hacıyev çalışdıracaq. Təcrübəli mütəxəssislə böyük ölçüdə razılıq əldə edilib. Cari mövsüm yekunlaşdıqdan sonra Hacıyevin təyinatının rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Elgiz Kərəmlinin çalışdırdığı “Şəfa” 19 turdan sonra 45 xalla Birinci Liqada vahid liderdir və heç bir oyunda məğlub olmayıb. Paytaxt təmsilçisi ən yaxın izləyicisini sona səkkiz tur qalmış səkkiz xal qabaqlayır.
Əlavə edək ki, vaxtı ilə futbolçu kimi “Şəfa”da oynamış Aftandil Hacıyev Premyer Liqada dörd il “Səbail”in baş məşqçisi olub.