ABŞ-da keçirilən son rəy sorğuları göstərir ki, cəmiyyətin böyük hissəsi İranla mümkün genişmiqyaslı müharibə ssenarisinə, xüsusilə də quru qoşunlarının göndərilməsinə qarşıdır. Son olaraq “Reuters” və “Ipsos” tərəfindən aparılan araşdırmada respondentlərin 65 faizinin belə bir əməliyyatı real hesab etməsinə baxmayaraq, cəmi 7 faizinin bunu dəstəkləməsi ABŞ ictimai rəyində dərin narahatlıq və müharibə yorğunluğunun formalaşdığını açıq şəkildə nümayiş etdirir.
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, bu mənzərə ABŞ-ın siyasi rəhbərliyi, xüsusilə də prezident Donald Trump üçün ciddi siqnaldır: “Trampın əvvəlki siyasi kursuna nəzər saldıqda onun genişmiqyaslı quru əməliyyatlarından daha çox məhdud hərbi müdaxilələrə, iqtisadi sanksiyalara və təzyiq mexanizmlərinə üstünlük verdiyi aydın görünürdü. Bu baxımdan, mövcud ictimai rəy fonunda onun İran istiqamətində radikal hərbi addımlardan sayılacaq quru qoşunlarının İrana yeridilməsi ABŞ daxilində həm siyasi, həm də ictimai baxımdan yüksək risk daşıyır”.

Onun fikrincə, digər mühüm məqam isə Respublikaçılar Partiyası daxilində bu məsələyə birmənalı münasibətin olmamasıdır: “Partiya elektoratının əhəmiyyətli hissəsinin quru qoşunlarının göndərilməsinə skeptik yanaşması Tramp üçün əlavə daxili təzyiq formalaşdırır. ABŞ kimi siyasi sistemlərdə isə genişmiqyaslı hərbi əməliyyatların həyata keçirilməsi üçün təkcə prezident iradəsi deyil, həm də siyasi və ictimai konsensus həlledici rol oynayır”.
Politoloq hesab edir ki, hazırkı şəraitdə həm ictimai rəyin mənfi olması, həm hakim partiyanın daxilində fikir ayrılığı, həm də hərbi risklərin yüksəkliyi fonunda Trampın genişmiqyaslı quru əməliyyatı variantından geri çəkilməsi və ya bu planı minimum səviyyəyə endirməsi daha real görünür: “Qoşunların quruda əməliyyatda çox böyük itkilər verməsi ehtimalı da yüksəkdir. Bu ehtimalın yüksək olması da Trampı qərar verməkdən çəkindirir. Beləliklə, mövcud tendensiyalar onu deməyə əsas verir ki, ABŞ-ın İran siyasətində prioritet böyük quru müharibəsi deyil”.
Etibar Seyidağa,
Musavat.com