Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avropa İttifaqının İrəvana göndərəcəyi çevik reaksiya qrupu bunun isbatıdır
Avropa İttifaqı Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək. Missiyanın bəyanatında vurğulanır ki, 9–14 nəfərdən ibarət qrupun əsas vəzifəsi xarici informasiya manipulyasiyaları və müdaxilələrinə, həmçinin kiber təhlükələrə qarşı mübarizə aparmaqdır. Hansı ki, Ermənistanda seçki öncəsi bu cür təhdidlərin artması ehtimalı yüksək qiymətləndirilir.
Avropa İttifaqının Ermənistana informasiya manipulyasiyalarının qarşısını almaq üçün xüsusi qrup göndərməsi ciddi mətləblərdən xəbər verir. Bu, hər şeydən öncə Ermənistanda seçki öncəsi ciddi informasiya təxribatlarının baş vermə ehtimalının kifayət qədər yüksək olması ilə bağlıdır. Ehtimal ki, bu məsələdə Rusiya və kilsə xadimlərinin, eləcə də Paşinyana müxalif olan digər güclərin aktivləcəyi gözlənilir. Məhz bu səbəbdən də Paşinyan rejimi bu təhlükəni dəf etmək üçün kənar dəstəyə ehtiyac duyur.
Bundan başqa, rəsmi İrəvanın kiber təhlükə və informasiya təxribatlarının qarşısını almaq üçün Avropa İttifaqına müraciət etməsi, Ermənistanın informasiya təhlükəsizliyini öz gücü hesabına təmin etmək iqtidarında olmadığını göstərir. Əgər belə olmasaydı, o zaman Avropa İttifaqının çevik reaksiya qrupunun İrəvana gəlişinə ehtiyac qalmazdı. Başqa sözlə desək, Avropa İttifaqının Ermənistana məlum dəstəyi adıçəkilən dövlətin informasiya təhlükəsizliyi məsələsində təkbaşına söz sahibi olmadığını, iri güclərin dəstəyindən asılı olduğunu göstərir.
Bir sözlə, məlum proseslərin təhlili bunu deməyə əsas verir ki, son illər Rusiyanın asılılığından xilas olmaq üçün ciddi səylər ortaya qoyan Ermənistanın Avropa İttifaqından asılılığı sürətlə artmaqdadır. Bu isə o deməkdir ki, post-müharibə dönəmindən öncə olduğu kimi, post-müharibə dövründə də Ermənistan ənənəvi asılıqlarına son qoymayıb. Sadəcə olaraq, bu asılılıq yer dəyişib, Rusiyadan Avropa İttifaqına transfer olunub. Və nə qədər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayıb, ölkəmizə qarşı səmimi münasibət ortaya qoymayıb, bütün həyati məsələlərdə digər ölkələrdən asılı olmaqda, vassallıq missiyasını yerinə yetirməkdə davam edəcək.
Seymur ƏLİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.