AZ

ABŞ-İran müharibəsi: Trampın əsl niyyəti nədir?

Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatları yarımçıq dayandırmamağa çağırır.

Bu barədə "Associated Press” xəbər verir ki, Körfəz ölkələri ABŞ-dən birbaşa müharibəyə başlamağı tələb etməsə də, Vaşinqtonun İrana qarşı əməliyyatları yarımçıq saxlamamasını istəyir.

Region ölkələri hesab edir ki, yarımçıq dayandırılan əməliyyatlar gələcəkdə daha böyük təhlükələr yarada bilər. İranın raket və pilotsuz aparatlarla Körfəz ölkələrinin enerji və mülki infrastrukturlarına hücumları region dövlətləri tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bu ölkələr bu hücumları regional təhlükəsizliyə mövcudluq təhdidi adlandırıb və beynəlxalq səviyyədə tədbirlər görülməsini istəyiblər.

ABŞ Prezidenti Donald Tramp isə müharibənin dayandırılması ehtimalını nəzərdən keçirdiyini bildirsə də, Vaşinqtonun əsas hərbi məqsədlərinin hələ tam yerinə yetirilmədiyi vurğulanır. ABŞ administrasiyası İranın raket imkanlarının məhdudlaşdırılması və nüvə proqramının nəzarətə götürülməsini prioritet hesab edir.

Eyni zamanda ABŞ tərəfindən İrana 15 maddədən ibarət atəşkəs planı təqdim edildiyi bildirilir. Planın Pakistan vasitəsilə Tehrana çatdırıldığı və tərəflər arasında dolayı danışıqların mümkün olduğu qeyd olunur.

Region ölkələrinin mövqeyi Vaşinqtonun növbəti qərarlarına təsir göstərə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, ABŞ və İsrailin İrana hücumu əsassızdır və beynəlxalq hüquqa ziddir.

O qeyd edib ki, ABŞ BMT-nin bununla bağlı hər hansı qətnaməsi olmadan İrana hücum edib və dünyanın gözü qarşısında beynəlxalq hüquqa meydan oxuyaraq İran nefti, habelə Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməyə çalışır:

“İranın nüvə proqramı ilə bağlı məsələ ABŞ üçün sadəcə onun əsl niyyətlərini ört-basdır etməkdən ötrü lazımdır. Belə ki, MAQATE-nin (Atom Enerjisinə Nəzarət üzrə Beynəlxalq Agentlik) BMT-yə, o cümlədən ABŞ-yə təqdim etdiyi sənədlərdə İranın nüvə silahı əldə etmək üçün uranı tələb olunan səviyyədə zənginləşdirməsi ilə bağlı məlumatlar yer almır.

ABŞ-nin İrana qarşı başladığı hücumdan sonra rəsmi Tehranın regionun bəzi ərəb dövlətlərinin ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməsinə görə, dolayısı ilə də olsa, Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanının siyasi isteblişmenti məsuliyyət daşıyır.

Belə ki, İrana hücum məhz müəyyən dövlətlərin ərazisində yerləşən ABŞ hərbi bazalarından həyata keçirilib. Buna cavab olaraq İranın həmin dövlətlərin enerji infrastrukturu və hərbi bazalarına zərbələr endirməsi ərəb ölkələrinin hakim dairələrində çaşqınlıq və narahatlıq yaradıb ki, bu da anlaşılandır".

Politoloq əlavə edib ki, ABŞ bəlli hücumlar ərəfəsində bəzi ərəb dövlətlərinin təhlükəsizliyinin qarantı olacağı ilə bağlı öhdəliklər götürmüşdü:

"Müharibənin gedişində isə bəlli oldu ki, Trampın əsas qayğısı İsrailin təhlükəsizliyi ilə bağlı məsələlərdir. Ərəb dövlətlərinin hava məkanına daxil olan İran raketlərinin zərərsizləşdirilməməsi ilə bağlı ABŞ-nin mövqeyi isə məhz müharibə zamanı yarana biləcək islam həmrəyliyinin qarşısını almaq və islam dövlətləri arasında münasibətləri daha da kəskinləşdirmək niyyətindən irəli gəlir.

Elə buna görə də İran Prezidenti Pezeşkian regionun müsəlman dövlətlərinə çağırış edərək, onların siyasi elitalarını bu, məkrli niyyətin mahiyyətini anlamağa və islam həmrəyliyinə səsləmişdir”.

O bildirib ki, Trampın digər məqsədlərindən biri Çin və Rusiyanın ərəb və islam aləmində nüfuzuna zərbə vurmaq, onların regiondakı geosiyasi təsir dairəsini daraltmaqdır:

“Nəzərə almaq lazımdır ki, Çin diplomatiyasının uzunmüddətli və məqsədyönlü fəaliyyəti nəticəsində iki il əvvəl İran və Səudiyyə Ərəbistanı arasında uzun müddət davam edən umu-küsüyə son qoyulmuş, tərəflər münasibətlərin nizana salınması stiqamətində addımlar atmışlar.

Nəhayət, müharibənin 27 günü ərzində ABŞ-nin hərbi əməliyyatlar üçün çəkdiyi maliyyə xərcləri 30 milyard dolları keçmişdir.

Hazırda Trampın Konqresdən əlavə 200 milyard dollar ayrılması ilə bağlı vəsatət qaldırmaq istəyir. Konqresdəki demokratların bu vəsaiti ayırmaqdan imtina edəcəyi gözlənilir".

O vurğulayıb ki, İranla müharibədə qarşısına qoyduğu strateji məqsədlərin demək olar ki, heç birinə nail olmayan Trampın, istisna deyil ki, müharibənin maliyyə yükünü müəyyən ərəb dövlətlərinin üzərinə qoymaqla onları İrana qarşı müharibəyə sürükləməyə çalışacaq:

"Nəzərə almaq lazımdır ki, Ukraynada da Tramp bu cür metoda müraciət edərək Rusiyaya qarşı müharibənin maliyyə yükünü Avropadakı müttəfiqlərinin üzərinə yönəldə bilmişdi.

Məlum ərəb dövlətlərini bu addımı atmaqdan çəkindirə biləcək əsas qüvvələr isə, şübhəsiz ki, Çin və Rusiya ola bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, İrana qarşı müharibəyə qoşulmağı planlaşdıran bəzi ərəb dövlətləri İranla bağlı proksi qüvvələrin hücumlarına da məruz qala bilərlər".

Seçilən
17
50
cebheinfo.az

10Mənbələr