Tehran nəzarəti gücləndirmək üçün yarı-formal mexanizm tətbiq edir...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, İran Hörmüz boğazından keçmək istəyən gəmilərdən ekipaj siyahısı, yükün detallı təsviri, reys haqqında geniş məlumat və konosamentlər (daşınma sənədləri) təqdim etməyi tələb edir. Bu məlumatlar təqdim edildikdən sonra gəmilərin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qoruma altında keçidinə icazə verilir.
Mənbələrin bildirdiyinə görə, bu prosedur hələ də vahid standartlara malik deyil və hər bir gəmi üzrə fərdi qaydada tətbiq olunur. Bununla belə, bu addım İranın strateji əhəmiyyətə malik Hörmüz boğazı üzərində nəzarəti daha da gücləndirmək istiqamətində atdığı addımların göstəricisi kimi qiymətləndirilir.
Qeyd olunur ki, bəzi hallarda İran tərəfi müəyyən gəmilərdən ödəniş də tələb edir. Mənbələrin sözlərinə görə, bu tələblər əsasən neft tankerləri, qaz daşıyan gəmilər və digər yüksək dəyərli yüklər daşıyan nəqliyyat vasitələrinə yönəlib. Ödəniş məbləği isə vasitəçilər üzərindən çatdırılır və hər bir hal üzrə fərqli olur.
Ekspertlər hesab edir ki, bu cür yanaşma regionda gəmiçilik və enerji tədarük zəncirinə əlavə risklər yaradır. Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas marşrutlardan biri olduğundan, burada tətbiq olunan istənilən yeni nəzarət mexanizmi qlobal bazarlara da təsir göstərə bilər.
Poliqon.info