İran əsilli amerikalı tarixçi-jurnalist Araş Əzizi The Atlantic jurnalı üçün qələmə aldığı məqalədə İran cəmiyyətində hökm sürən dərin qorxu və ümidsizliyi təhlil edib. Müəllif müharibənin başlanmasından bəri onlarla həmvətəni ilə söhbət edərək, onların gələcəyə dair sarsılmış inanclarını işıqlandırıb.
NOCOMMENT.az xəbər verir ki, məqalədə iranlıların qarşılaşdığı dəhşətli seçim vurğulanır: davam edən bombardmanlar və ya daha sərt bir diktatura.
Tehranda yaşayan 32 yaşlı solçu fəal Şaqaye hazırkı vəziyyəti belə xülasə edir: “Dəhşətli dərəcədə qorxuram. Amma müharibənin elə indi bitməsinə də sevinə bilmirəm. Siz bizi Müctəba ilə təkmi buraxmaq istəyirsiniz?”
Şaqayenin “Müctəba” dedikdə nəzərdə tutduğu şəxs, ölkəni demək olar ki, tam internet blokadasında saxlayan yeni Ali Rəhbər Müctəba Xameneidir. Jurnalist qeyd edir ki, İran daxilindəki insanlarla əlaqə saxlamaq hazırda son dərəcə çətindir, lakin danışa bildiyi hər kəs eyni paradoksu dilə gətirir: müharibənin davam etməsindən qorxsalar da, onun mövcud şərtlərlə bitməsindən daha çox vahiməyə düşürlər.
Məqalədə bildirilir ki, münaqişənin əvvəlində bəzi iranlılar ABŞ və İsrailin müdaxiləsini iqtisadi çöküş və sosial repressiyalardan qurtulmaq üçün bir ümid işığı kimi görürdülər. Lakin indi həmin kütlənin böyük hissəsi özünü tələyə düşmüş hiss edir.
Müəllifin qənaətinə görə, İran xalqı iki od arasında qalıb: ya başlarına bombalar yağmağa davam edəcək, ya da müharibə bitəcək və meydan daha amansız bir daxili zülmə qalacaq.
Araş Əzizi vurğulayır ki, bu rəylər 90 milyonluq ölkənin tamamını əks etdirməsə də, respondentlərin mütləq əksəriyyəti müharibədən əvvəlki həyatlarının indikindən daha yaxşı olduğunu düşünmür.
Sara,
NOCOMMENT.az