AZ

Bu gün görkəmli Azərbaycanın şairi Almas İldırımın doğum günüdür

Bu
Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən olan Almas İldırım bu gün də poeziyası ilə yadda qalır. 1news.az xəbər verir ki, bu gün şairin anadan olmasının 119-cu ildönümü tamam olur.
Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində dünyaya gəlib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onun bəy nəslinə mənsub olması totalitar rejimin təzyiqlərinə səbəb olub. Varlı tacir oğlu olduğu üçün o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilib. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bugün” adlı şeir məcmuəsini ərsəyə gətirib. 1928-ci ildə şeirlərindəki milli ruh və istiqlal ideyalarına görə Dağıstana sürgün olunub. Sürgün illərində “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” kimi şeirlərini qələmə alıb. 1930-cu ildə Bakıya qayıdaraq “Dağlar səslənərkən” şeirlər toplusunu nəşr etdirməyə nail olsa da, kitab senzuradan keçməyib və bu səbəbdən Azərbaycan Yazıçılar Birliyindən uzaqlaşdırılıb. Bundan sonra o, Türkmənistana sürgün edilib. 1933-cü ilin iyununda şair yenicə ailə qurduğu Zivər xanımı və üç aylıq oğlu Azəri də götürərək İrana üz tutan bir dəvə karvanına qoşulub. Sərhədi keçmək üçün ağır və təhlükəli yollar qət edən ailə böyük çətinliklə İran ərazisinə çata bilib. Burada Almas İldırım dərhal həbs olunub, 25 gün saxlanılıb və bolşevik casusu olmaqda şübhəli bilinərək işgəncələrə məruz qalıb. Bu ağır işgəncələr onun səhhətinə ciddi zərbə vurub və sonradan sağalmaz böyrək xəstəliyinə tutulmasına səbəb olub. Daha sonra azad edilərək Məşhəd şəhərinə göndərilən şair burada ağır yoxsulluq içində yaşayıb. İranda uzun müddət qala bilməyən Almas İldırım Türkiyəyə üz tutub. O, burada müxtəlif işlərdə çalışıb – katiblik edib, kargüzarlıqla məşğul olub, ibtidai məktəbdə dərs deyib. Təxminən 12 il ərzində həm yaradıcılığını davam etdirib, həm də müxtəlif sahələrdə fəaliyyət göstərib. 1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən şairin Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Vətən həsrəti və qəriblik motivləri Almas İldırım yaradıcılığının əsas xəttini təşkil edir. Türkiyədə yaşadığı illər ərzində o, jurnal və qəzetlərdə milli ruhlu şeirlərini dərc etdirərək istiqlalçı şair kimi tanınıb.

Şairin əsərləri “Boğulmayan səs” adı ilə nəşr olunub. Bundan əlavə, onun “Azərbaycan mahnıları” adlı kitabı da oxuculara təqdim edilib.

Seçilən
25
1
1news.az

2Mənbələr